Dövlət qulluğunda səriştə əsaslı insan resurslarının idarə edilməsi sisteminə dair onlayn praktik məşğələ

Dövlət qulluğunda səriştə əsaslı insan resurslarının idarə edilməsi sisteminə dair onlayn praktik məşğələ Dövlət İmtahan Mərkəzinin (DİM) təşəbbüsü ilə təşkil olunmuş onlayn praktik məşğələ OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) və Avropa İttifaqının SIGMA proqramı çərçivəsində Azərbaycan Respublikasının dövlət qulluğu sistemi üçün səriştə (kompetensiya) modelinin tətbiqi istiqamətində planlaşdırılmış fəaliyyətin hazırlıq mərhələsini əhatə edir.
Tədbirdə 64 iştirakçı olmaqla 40 dövlət qurumunun insan resurslarına məsul nümayəndələri, beynəlxalq ekspertlər və yerli işçi qrupu iştirak edib.
Tədbirin əsas məqsədi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi” istiqamətində təcrübə mübadiləsi və hazırlıq mərhələsinin müzakirə edilməsi olub.
Onlayn praktik məşğələni açan DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov beynəlxalq əlaqələr istiqamətində SIGMA ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. Həmçinin dövlət qurumlarından olan nümayəndələri beynəlxalq əməkdaşlıq çərçivəsində dövlət qulluğu sistemi üçün səriştə modelinin qurulması istiqamətində aparılan işlərdə fəal olmağa çağırıb.
Tədbir SIGMA ekspertləri tərəfindən dövlət qulluğunda “Səriştə modelləri” və “İRİE” modelinə dair təqdimatlarla davam edib.
Sonda DİM-in şöbə müdiri Vüqar Əsgərov və sektor müdiri Pərviz Kazımov Azərbaycanın dövlət qulluğu sistemində səriştə modelinin tətbiqinə dair hazırlıq işləri haqqında iştirakçıları məlumatlandırıb və sualları cavablandırıblar.
Təlim onlayn platforma üzərindən Azərbaycan və ingilis dillərində təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər