Bakı Dövlət Universitetinin müəllimləri onlayn tədrisin təşkilindən danışıblar

Bakı Dövlət Universitetinin müəllimləri onlayn tədrisin təşkilindən danışıblar Bakı Dövlət Universitetinin (BDU) müəllimləri şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük Qələbə və tarixi Azərbaycan ərazisi olan Qarabağın və ətraf rayonlarımızın işğaldan azad olunması münasibətilə universitet kollektivini və xalqımızı təbrik edib.
Yeni tədris formasında qarşılaşdıqları məqamlar haqqında fikir və mülahizələrini təqdim edir.
Müəllimlər Bakı Dövlət Universitetində cari tədris ili, tələbələrin yeni forma və metodlarla tədrisə cəlb olunması, yeni təlim texnologiyaları, bu günün tələblərini ödəyən yeni məzmunda ədəbiyyat materiallarının istifadəsi və təmin edilmiş texniki dəstəklə uğurla davam etdiyini bildirirlər. I kurs tələbələri də daxil olmaqla bütün tədris pillələrində və kurslarında akademik təqvim planı distant formada "Microsoft Teams" platforması üzərindən ənənəvi dərs cədvəlinə uyğun olaraq həyata keçirilir.
Hüquq fakültəsinin müəllimi Samirə Eyvazova: “Onlayn təhsil sisteminə keçid təhsil sahəsində çalışanlar, eləcə də təhsil alanlar qarşısında yeni imkanlar və fürsətlər yaratdı. Distant təhsilə keçid etməklə hər an öyrənmək fürsəti yarandı. Təhsil yerinə çatmağa, ordan qayıtmağa sərf edəcəyimiz zamanı təhsilə, əlavə nəsə öyrənməyə sərf etmək olur. Tələbə öyrənmə qabiliyyətini özü müəyyən edə bilir, yəni başa düşmədiyi, yaxşı dinləyə bilmədiyi mövzuya yenidən baxmaq şansı var. Tələbə və müəllim arasında onlayn ünsiyyətin təşkili, tədris materiallarının onlayn əlçatanlığı təhsilin moblliyinə təkan verir. Məsafədən təhsilin təşkilində tələbədən güclü motivasiya hissi və özü öyrənmə qabiliyyətini artırmaq tələb olunur. Tələbələrin inkişafına dəstək məqsədilə dərsdən əlavə tələbələrin üzərində işləyə biləcəyi mövzular müəyyənləşdirirəm. Mövzuların tələbənin maraq dairəsinə, gələcəkdə seçə biləcəyi iş istiqamətlərinə uyğun olmasına səy göstərirəm. Növbəti dərs zamanı mövzuları ümumi müzakirəyə çıxarır, bütün tələbələrin diskussiyaya cəlb olunmasına çalışıram. Bakı Dövlət Universitetində distant təhsilin təşkili zamanı tələbələrin maraqları və qayğıları əsas prioritet məsələdir. Biz müəllimlər də daim çalışırıq ki, ölkəmizin rifahı, gələcəyi və tələbələrin dövlətimizə potensial kadr kimi hazırlanmasında bütün imkanlarımızı istifadə edək”.
Fizika fakültəsinin müəllimi Zöhrab Ağamalıyev: “Hər bir tədris ilinə hazırlıq, adətən, dərs yüklərinin bölünməsi, cədvəllərin təşkili, tədris vəsaitlərinin, tapşırıqların hazırlanması və digər vacib məsələlərlə bağlı olur. Lakin bu il COVID-19 infeksiyasının yayılması tək elm və təhsil sahəsi deyil, həm də digər sahələrdə ümumiyyətlə bütün dünya, eləcə də ölkəmiz üçün böyük sınağa çevrildi. Bildiyiniz kimi, virusun əsas hücumu gözlənilməz olaraq 2019/2020-ci tədris ilinin ikinci yarımilliyinə düşdüyü üçün problemlər yaratdı və əgər əvvəllər distant təhsil, əsasən ali təhsil müəssisələri üçün aktual idisə, bu dəfə məcburiyyət qarşısında təhsilin bütün səviyyələrində bu proses çox tez bir zamanda təşkil olunmalı idi. Bakı Dövlət Universitetində onlayn dərslərin təşkili “Microsoft Teams” platforması üzərindən keçirilir və bütün BDU kollektivinin bir onlayn məkanda tədrisə cəlb olunması sayəsində tələbələrimizin istər administrativ, istərsə də professor-müəllim heyəti ilə əlaqəsi baxımından heç bir çətinliyi yoxdur və əlavə təhsil almaq istəyən tələbəyə dərsdən kənar vaxtda da biz kömək etməyə hazırıq. Cari tədris ilində mühazirə mətnləri daha müasir, sənayenin bütün sahələrində bu günün tələbatını ödəyə biləcək, tətbiqini tapacaq yanaşmaları, yenilikləri, son kəşfləri əks etdirən materialları, mənbələri özündə birləşdirir. Tələbələrimizin öyrənmək və təhsil almaq arzusu böyükdür, bunun üçün səylə çalışdıqlarının və təhsilə böyük maraq göstərdiklərinin şahidi oluruq. Onların arasında bir çoxları seçdikləri istiqamətdə böyük nailiyyətlər qazanacaqlar. İstehsalat təcrübələri zamanı müxtəlif sənaye nümayəndələri ilə görüşərək sahələrdə real problemləri görmək, müzakirə etmək, bəzən sadə, bəzən çox mürəkkəb həll yollarını araşdırmaq ixtisaslaşan fizik üçün əvəzsiz bir məktəbdir. Son illər sənayedə istehsalat proseslərinin əksəriyyəti avtomatlaşdırılıb və bu cür sistemlərin idarə olunması, dəqiq və keyfiyyətli nəticələrin əldə edilməsi onu işlədən mütəxəssislərdən geniş intervalda biliklər, avadanlıqla yüksək səviyyədə istifadə bacarığı tələb edir. Biz tək BDU-da deyil, bütün ali təhsil müəssisələrimizdə maddi-texniki bazanı gücləndirib, gənc nəslimizin nümayəndələrinə mühəndisliyi, materialşünaslığı aşılayıb, DATA analitikası və süni intellekt əsasında işləyən yeni nəsil avadanlıqlarla əyani olaraq göstərməliyik. Distant təhsilin üstün cəhətlərindən çox danışmaq olar və şəxsən mənim üçün vaciblərdən biri – dünya elminin və təhsilin hər bir tələbə üçün açıq olmasıdır. Hər birimiz dünyanın aparıcı universitetləri ilə, orada çalışan ən tanınmış mütəxəssisləri ilə əlaqə yaradıb müəyyən biliklər əldə edə bilərik. Mövzu, istiqamət seçimində azadlıq, mənbə və həcm baxımından sərbəstlik bizə böyük imkanlar açır. Maraqlısı budur ki, fizika nə qədər dəqiq elm olsa da, fərqli düşünmədən, yeni yanaşmaları tətbiq etmədən burada uğur qazanmaq olduqca çətindir. Mən hər bir tələbəni elmə, biliyə, savada, əzmkarlıqla çalışmağa, məsuliyyətə və bunların cəmi kimi vətənpərvərliyə çağırıram. Son günlərdə yaşadığımız Qələbə sevinci bizi də bütün azərbaycanlılar kimi ürəkdən sevindirir, Vətənimizin bütövlüyü və tarixi torpaqlarımızın işğaldan azad olunması münasibətilə hər kəsi ürəkdən təbrik edirəm”.
Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Cəmilə Səfərova: “Cari tədris ilində pandemiya ilə əlaqədar onlayn tədris prosesinə davam edirik. Bu, hər nə qədər bizi məyus etsə də, heç bir halda həvəsdən sala bilməz. Hər il olduğu kimi, bu il də tələbələrimizə maksimum innovativ bilik, maksimum yeni informasiya ötürməyə hazırıq. Düşünürəm ki, bugünkü texnoloji imkanlar, təhsil sistemində təsis edilmiş platforma kurs proqramını tələbələrə tədris etmək üçün qənaətbəxşdir. Əlimizdə olan resurslardan və şəraitdən maksimum yararlanıb tələbələrimizi mümkün olduğu qədər bilikləndirməyə çalışırıq. Eyni zamanda, prosesin səmərəliliyini artırmaq üçün müxtəlif beynəlxalq təcrübələri araşdırır, distant təhsil üçün daha uğurlu olan pedaqoji metodları tətbiq edirik. Ənənəvi təhsilin alternativi kimi, distant təhsilin əhəmiyyəti çox böyükdür. Distant təhsilin üstünlüklərindən biri vaxt itkisinin qarşısını alınmasını nümunə kimi göstərmək olar. Buna baxmayaraq, insan sosial varlıq olduğu üçün, ənənəvi təhsilin yeri əvəzolunmazdır. Çünki tələbələrin və müəllimlərin təhsil müəssisəsi daxilində bir-biriləri ilə yaratdığı informasiya və enerji mübadiləsi, sosiallaşma təhsilin keyfiyyətinə və tələbələrin faydalı iş əmsalına birbaşa təsir edir. Bu şəkildə əldə edilmiş biliklər daha uzunmüddətli, effektiv və produktivdir. Ümid edək ki, hazırkı pandemik vəziyyət tezliklə sona çatar və tədris prosesi hər zamankı vəziyyətinə qayıdar. Ancaq indiki vəziyyətdə distant təhsilə yönəlib, hər birimiz bu prosesdən maksimum faydalanmaq üçün əlimizdən gələni etməli və Azərbaycan təhsil bazasının onlayn resurslarını zənginləşdirməliyik. Məqsədimiz yeni nəsli bu çətin şəraitə baxmayaraq, dövlətimizə və xalqımıza layiqli və bilikli mütəxəssis kimi yetişdirməkdir. Hər kəsə, xüsusən də, sevimli tələbələrimizə bu məsuliyyətli yolda uğurlar diləyirik”.
Biologiya fakültəsinin müəllimi Nigar Həsənova: “Düşünürəm ki, təhsildə maraqlı olan hər bir ali məktəb tələbəsi üçün distant təhsil müasir dövrün optimal seçimlərindən biridir. Əlbəttə ki, gənclərin bu tədrisi keyfiyyətli şəkildə ala bilməsi üçün lazım olan minimal ehtiyacların ödənildiyi təqdirdə distant təhsildə də uğur qazanmaq mümkündür. Texniki imkanlarla təmin olunmuş müəllim-tələbə arasında biliklərin normal və distant şəkildə keyfiyyətli şəkildə ötürülməsində bir qüsur görmürəm. Müasir dövrdə elm çox sürətlə inkişaf edir və dəyişir. Onlayn qatıldığım Harvard Tibb Məktəbinin biokimya üzrə təşkil olunmuş kurslarda yeni biliklər əldə etdim. Mən bir nümunə kimi tələbələri əmin edə bilərəm ki, distant olaraq çox keyfiyyətli təhsil almaq, beynəlxalq sertifikatlar qazanmaq və yüksək tədris göstəriciləri əldə etmək mümkündür, üstəlik heç bir coğrafi məkan və zaman asılılığı olmadan. Məsələn, dinamik və statik biokimyanın tədrisi zamanı tələbələrə reaksiyaların yazılı şəkildə təqdiminin mütləq olduğunu düşünürəm. Düşünürəm ki, qrafik planşetlərin distant təhsildə əhəmiyyəti çoxdur. Virtual laboratoriyaların təşkili tələbənin qarşısında yeni imkanlar və təcrübələr qazandıracaq. Fikrimcə, distant təhsil coğrafi məkan və zaman asılılığının olmaması ilə ənənəvi təhsildən fərqlənir. Hər bir dərs onlayn olaraq qeyd olunur və videomaterial şəklində şəbəkəyə yüklənir. Tələbə fiks saatda iştirak edə bilmədiyi dərsi video ilə yenidən dinləyə bilər və yaranan sualları yazılı surətdə müəllimə yönləndirə bilər. “Microsoft Teams” platformasının imkanları genişdir, təhsilin standartlarının dəyişməsində və inkişafında kompleks baza rolunu oynayır”.

Tehsil-press.az

Oxşar xəbərlər