Rektor: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Rektor: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi “Facebook” səhifəsində distant təhsillə bağlı fikirlərini paylaşıb və təkliflər səsləndirib.
İyunun 16-da “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roqla görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq... Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır”.
Distant təhsilin bu və ya digər formada və dərəcədə tətbiq edilməsi artıq müzakirə predmeti deyil. Təhsilin pandemiyadan əvvəlki formada bərpası geriyə atılmış bir addım kimi qiymətləndirilməklə yanaşı, həm də arzuolunan deyil. COVID 19-la bağlı vəziyyət normallaşsa belə təhsilin qarışıq forması əksər mütəxəssislər tərəfindən daha uyğun görünür. Düşünürük ki, bu ən doğru yanaşmadır. Distant təhsil baxımından əhəmiyyətli saydığımız bəzi düşüncələrimizi bölüşürük:
1. Distant təhsilin qanunvericilik bazasının yaradılması. Bu prosesin uzun vaxt tələb etdiyini, müvafiq sahədə qərarların ən yaxşı təcrübələr əsasında qəbul edilməsinin və bu prosesin operativliyinin həlledici olduğunu nəzərə alaraq, müvafiq infrastruktura malik universitetlərə distant təhsillə bağlı müəyyən dövr üçün sərbəst qərar qəbul etmək səlahiyyəti verilə bilər.
2. Mövcud vəziyyət nəzərə alınaraq, tələbələrə təhsil kreditlərinin verilməsi məsələsinin həlli xüsusilə aktuallaşıb. Bu məsələ mövcud vəsaitlər çərçivəsində həll oluna və təhsil kreditləri üzrə faizin subsidiyalaşdırılması məsələsinə baxıla bilər.
3. Distant təhsil kütləvi açıq onlayn kursların (MOOC) universitetlərin tədris sisteminə inteqrasiyasını qaçılmaz etməklə, bunu həm də daha asan reallaşdıra bilər. Bununla bağlı bütün məsələlərə aydınlıq gətirilməlidir.
4. Eyni zamanda, nüfuzlu xarici universitetlərlə ikili diplom proqramlarının distant formada təşkili asanlaşır. Bununla bağlı müvafiq problemlər həllini tapmalıdır.
5. Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə ən qısa vaxtda aydınlıq gətirilməlidir. Yeni dərs ilinə hazırlıq baxımından bu, çox vacibdir. Məlumdur ki, Harvard Universiteti növbəti tədris ilinin bütövlükdə, Kembric və Massaçusets universitetləri isə növbəti tədris ilinin ilk semestrinin distant olacağına dair qərar verib.
6. Universitetlərarası elektron kitabxana şəbəkəsinin yaradılması lazımdır.
7. Distant təhsilə rəsmi qəbul həyata keçirmək üçün vaxt itirmək arzuolunan deyil. Bu, hazırkı vəziyyətdə distant təhsillə bağlı pilot layihəyə ehtiyac qalmadığı üçün keyfiyyətli model qurulması baxımından önəmlidir.
8. Sözügedən təhsilin bərabərsizliyi gücləndirə biləcəyi diqqətdə saxlanmalı və zəruri önləyici addımlar atılmalıdır.
9. Distant təhsilə keçid həm də işlərin onlayn təşkilini tələb edir. Ona görə də onlayn formada verilən sənədlərin müvafiq təşkilatlar tərəfindən qəbul edilməsi məsələsinin həlli tələb olunur.

Tehsil-press.az

Oxşar xəbərlər