BDU-da “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa təşkil olunub

BDU-da “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa təşkil olunub Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Onlayn tədbirdə universitetin rektoru Elçin Babayev Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı tarixi qələbələr münasibətilə dəyirmi masa iştirakçılarını təbrik edib. Rektor Vətən müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayaraq, Azərbaycanın bu möhtəşəm zəfəri Müzəffər Ali Baş Komandanın müdrik qərarları, rəşadətli Ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib. Ulu Öndərin xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxararaq müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun sağlam gələcəyinin etibarlı bünövrəsini yaratdığını qeyd edib.
E.Babayev ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Rektor xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb.
Daha sonra Milli Məclisin deputatı, BDU-nun professoru Musa Qasımlı, Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri Anar İsgəndərov, Milli Məclisin deputatı, BDU-nun professoru Jalə Əliyeva, Milli Məclisin deputatı Cavid Osmanov, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, BDU-nun professoru İbrahim Zeynalov, BDU-nun Tarix fakültəsinin II kurs magistrantı Fuad Həbibzadə, BDU-nun professoru Sevinc Hacıyeva çıxış edərək xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunan dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlar, ölkəyə qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr, dövlət gənclər siyasətinin aparıcı istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi, Azərbaycan dövlətinin müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətləri haqqında ətraflı məlumat veriblər. Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açılıb. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutmasına həsr edib. Ömrünü Azərbaycana fəda etmiş müdrik siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin adının daim dərin hörmətlə xatırlanacağı, onun əziz xatirəsinin xalqımız tərəfindən əbədi olaraq ehtiramla yad ediləcəyi qeyd olunub.
Çıxışlarda Azərbaycanın bugünkü inkişafından danışarkən bu tərəqqinin, ilk növbədə, xalqımızın Ümummilli Liderinin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsi olması qeyd edilib. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə bu gün Heydər Əliyevin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda belə hər bir azərbaycanlının yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunduğu vurğulanıb. Vətən müharibəsində qazandığımız parlaq qələbənin məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyinin möhkəm təməlinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatların davam etdirilməsi sayəsində əldə olunmasına diqqət çəkilib.

Tehsil-press.az

Oxşar xəbərlər