ADA Universitetinin müəllimi və məzununun məqaləsi beynəlxalq konfransın mükafatına layiq görülüb

ADA Universitetinin müəllimi və məzununun məqaləsi beynəlxalq konfransın mükafatına layiq görülüb ADA Universitetinin müəllimi və məzunu tərəfindən yazılan birgə məqalə beynəlxalq konfransın ən yaxşı məqaləsi seçilib.
İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin baş müəllimi Samir Rüstəmovun və fakültənin bakalavr məzunu Emil Kəlbəliyevin müəllifi olduğu məqalə 8-ci “Maşın Zəkası və Rəqəmsal Ünsiyyət” konfransının ən yaxşı məqaləsi seçilərək “Kristof Marazek adına Ən Yaxşı Məqalə” mükafatına layiq görülüb.
Həmmüəlliflərin “Simvol əsaslı oxşarlıq meyarları əsasında maşın öyrənmə alqoritmləri ilə mətnlərin semantik oxşarlığının aşkarlaması” başlıqlı məqaləsi müstəqil ekspertlərdən ibarət Konfrans Komitəsi tərəfindən nəzərdən keçirilərək təltif edilib və müəlliflərə pul mükafatı təqdim edilib.
Məqalənin əsas yanaşması maşın əsaslı öyrənmə alqoritmlərinin və yeddi müxtəlif simvol əsaslı oxşarlıq meyarlarının birgə istifadəsi ilə mətnlər arasında semantik oxşarlıqların aşkarlanmasıdır.
Konfransda ADA Universitetini iki məqalə ilə təmsil etdiyini bildirən Samir Rüstəmov ADA məzunu ilə birgə yazdığı məqalənin mükafata layiq görülməsindən məmnunluğunu ifadə edib.
Hazırda Macarıstanın Eötvös Lorand Universitetində magistr təhsili alan Emil Kəlbəliyev mətn oxşarlığı ilə bağlı araşdırmalara hələ ADA-da oxuyarkən başladığını qeyd edib. Emil tədqiqat layihəsinə rəhbərlik edən Samir müəllimə və komanda yoldaşlarına minnətdarlığını bildirib.
Qeyd edək ki, Polşanın Milli İnformasiya Emalı İnstitutunun təşkilatçılığı ilə baş tutan builki tədbir pandemiya səbəbindən ilk dəfə onlayn formatda keçirilsə də, konfrans 2012-ci ildən etibarən ənənəvi olaraq süni intellekt üzrə müxtəlif sahələrdən olan və fərqli ölkələri təmsil edən mütəxəssisləri və tədqiqatçıları bir araya gətirir.

Tehsil-press.az

Oxşar xəbərlər