UNEC-də İslam iqtisadiyyatına həsr olunan konfrans

UNEC-də İslam iqtisadiyyatına həsr olunan konfrans UNEC-də Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, İslam Maliyyə Mərkəzi və Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə “Qlobal çağırışlar və İslam iqtisadiyyatı: mental, hüquqi və iqtisadi aspektlərin təhlili” mövzusunda onlayn konfrans keçirilib.
Tədbiri moderator, İslam Maliyyə Mərkəzinin rəhbəri, professor Zahid Məmmədov açaraq mövzunun aktuallığına diqqət çəkib, ölkəmizin islami dəyərləri daim qoruyub-saxladığını və təbliğ etdiyini, bu dəyərlərin təməlində adət-ənənələr, milli mentalitet, mədəniyyət və digər zəngin keyfiyyətlərin dayandığını vurğulayıb. O, UNEC İslam Maliyyə Mərkəzinin Qətərin Həməd Bin Xəlifə Universiteti ilə əməkdaşlığın qurulması perspektivlərindən söz açıb.
Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov İslam iqtisadiyyatının mental, hüquqi və iqtisadi aspektlərindən danışıb. O, İslam iqtisadiyyatı mövzusunda birgə tədqiqatların aparılmasının vacibliyindən söz açıb, İslam iqtisadiyyatının hazırkı qlobal çağırışlar kontekstində ən effektiv və mütərəqqi idarəetmə modellərini özündə birləşdirdiyini bildirib. E.Məmmədov bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb, eləcə də ali iqtisadi təhsildə İslam iqtisadiyyatı ilə bağlı ixtisasın tədris olunmasını təklif edib.
İstanbul Sabahattin Zaim Universitetinin İşlətmə və idarəetmə elmləri fakültəsinin dekanı, professor İbrahim Yumuşak İslam iqtisadiyyatının klassik iqtisadiyyatla bənzər və fərqli cəhətlərindən, inkişaf perspektivlərindən və inkişafını ləngidən səbəblərdən söz açıb. Professor, əslində, İslam iqtisadiyyatının son 5-10 ilə deyil, daha keçmişə - xəlifələr dönəminə təsadüf etdiyini vurğulayıb.
BDU-nun kafedra müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov İslam iqtisadiyyatının hüquqi əsaslarından və İslam Bankının ölkədə həyata keçirdiyi layihələrdən danışıb. İslam iqtisadiyyatının inkişafı barədə təkliflərlə çıxış edən professor İslam Bankının Qarabağın bərpası ilə bağlı layihələrin həyata keçirilməsində yaxından iştirak etməsi təklifini də diqqətə çatdırıb.
İslam Maliyyə Mərkəzinin tədqiqatçısı Əfqan Musayev ticarətdə əxlaqın təfsirinin bir sıra nəzəri əsaslarına və istiqamətlərinə toxunub. Məruzəçi İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”də ticarətin əxlaq normalarını müəyyənləşdirən müxtəlif ayələrin yer aldığını vurğulayıb və bu ayələrin geniş izahını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin tədqiqatçısı Ruslan Atakişiyev İslam İnkişaf Bankı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi arasında bağlanmış qrant sazişinə əsasən, ölkədə islam bankçılığının formalaşması məqsədilə qanunvericilik bazasına ediləcək dəyişikliklərlə bağlı təkliflərin hazırlandığını diqqətə çatdırıb, İslam banklarının fəaliyyətində qanunvericilik prinsiplərindən danışıb.
Dizayn Məktəbinin baş müəllimi Aida Dadaşova İslam və moda anlayışını təhlil edərək, moda sektorunun qlobal İslam iqtisadiyyatındakı payının gündən-günə artdığını qeyd edib. Dünyanın tanınmış markalarının artıq İslam geyimləri kolleksiyası hazırladığını, həmin məhsullara olan istehlakçı sayının yüksəldiyini diqqətə çatdırıb.
Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov İslam iqtisadiyyatına artmaqda olan marağı şərtləndirən amillərdən söz açıb, İslam iqtisadi inkişaf modelinin prinsiplərini iştirakçıların diqqətinə çatdırıb. İslam iqtisadiyyatının mərkəzində halal və haramı seçməyi bacaran, öz haqlarını bilən halal insan modelinin dayandığını qeyd edib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Konfrans UNEC-in rəsmi “Facebook” səhifəsidən canlı yayımlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər