Şərqşünaslıq İnstitutunun Zəfər tariximizi yazan əməkdaşları

Şərqşünaslıq İnstitutunun Zəfər tariximizi yazan əməkdaşları 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazanlar sırasında akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Namiq Abdullayev və Pərviz Ağayev də olub. İnstitutun Mülki müdafiə qərargahının rəisi, polkovnik Namiq Abdullayev birinci Qarabağ müharibəsinin veteranıdır.
Namiq Abdullayev Vətən müharibəsinə də bir veteran kimi hərbi təcrübəsini döyüşçülərlə paylaşmaq üçün qatılmışdı. O, yeni yaradılan veteranların koordinasiya mərkəzinin heyətinin tərkibində cəbhə bölgəsinə yollanıb.
Mərkəzin qərargah rəisi kimi bir sıra cəbhə və cəbhəətrafı rayonlarda olan Namiq Abdullayev orada gənc döyüşçülərimizə hərbi silah və sursatdan düzgün istifadə etməyi, təmiri, atəş nöqtələrində hansı şəraitdə necə davranmağı öyrədib, eyni zamanda, döyüş ruhunu artırmaq məqsədilə təbliğat işləri aparıb.
İnstitutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi, ərəbşünas alim Pərviz Ağayev müharibəyə könüllü qatılaraq Füzuli və Xocavənd rayonunda gedən döyüşlərdə iştirak edib. O, yay aylarında Tovuz hadisələri zamanı döyüşlərdə könüllü iştirak etmək üçün onlayn qeydiyyatdan keçmişdi. Vətən müharibəsində isə qismən səfərbərlik elan olunan gün hərbi komissarlığa yollanmışdı.
Böyük həvəslə yola düşdüyünü söyləyən P.Ağayev ilk olaraq müəyyən təlim keçdikdən bir neçə gün sonra Füzuli istiqamətində işğaldan azad olunmuş ərazilərdə yerləşdiklərini deyir: "Həmin ərazilər müdafiə olunmalı idi. Ən çox Füzulinin Qacar və Dilağar, Aşağı və Yuxarı Veysəlli kəndləri istiqamətində olduq. Hansı ki, Xocavəndin bütün yüksəklikləri həmin ərazilərə aid idi. Həyatım üçün ilk təhlükə orada oldu. Mərmi tam yaxınlığımıza düşdü".
P.Ağayev cəbhədə ona çatdırılan əlcəklərin içindən 4-cü sinif şagirdinin məktubunun çıxdığını deyir: “Həmin şagird valideynlərin ona verdiyi şirniyyat pulunu yığaraq əlcəkləri almışdı. Soyuq Füzuli və Xocavənd dağlarında o əlcəklərdən istifadə etmək tamam başqa bir hiss idi, qürur verirdi".

Tehsil-press.az




Oxşar xəbərlər