“eTwinning Plus” layihəsi şagirdlərin dünyagörüşünün artmasında çox faydalıdır

“eTwinning Plus” layihəsi şagirdlərin dünyagörüşünün artmasında çox faydalıdır Azərbaycan 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak edir. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, 40-dan artıq Avropa ölkəsindən olan həmkarlarla birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Bu günədək ölkə üzrə 882 məktəbdən 2 min 927 müəllim “eTwinning”ə qoşulub və 3 min 500-ə yaxın təhsil layihəsinin reallaşdırılmasında iştirak edib.
“eTwinning Plus” ailəsinin aktiv üzvlərindən biri, Bakı şəhəri 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağırova bildirib ki, müəllimlər yeniliklər axtarmalı, pedaqoji prosesə yaradıcı yanaşması ilə seçilməlidir. Son illər təhsilimizin qarşısında duran hədəf dərin bilikli, geniş dünyagörüşlü şagirdləri yetişdirməklə bərabər, həm də cəmiyyətə, dövlətə, milli–mənəvi dəyərlərinə, kökünə sadiq, sağlam düşüncəli vətəndaşlar hazırlamaqdır: “Sevindirici haldır ki, şagirdlərimiz dünya təhsil sistemindəki bir çox yeniliklərdən xəbərdardır. Bu da bir müəllim olaraq bizim məsuliyyətimizi daha da artırır. Sadalanan amilləri öncül tutaraq təhsilimizdəki yenilikləri və innovasiyaları daim izləyir, yaradıcı və inkişaf yönümlü layihələrdə iştirak etməyə maraq göstərirəm. Belə layihələrdən biri də məktəblilərin tənqidi, yaradıcı, məntiqi təfəkkürünün, intellektual səviyyəsinin inkişafında mühüm yer tutan “eTwinning Plus” layihəsidir. Sadalanan imkanları nəzərə alaraq, 2017-ci ildə mən də “eTwinning Plus” ailəsinin üzvi olmaq qərarına gəldim”.
Aytən Bağırova qeyd edib ki, “eTwinning”lə əməkdaşlıq şagirdlərin dünyagörüşünün artmasında, İKT bacarıqlarının təkmilləşməsində çox faydalı oldu: “Layihədə iştirak şagirdlərimin tanış olduqları ölkənin mədəniyyəti haqqında ətraflı məlumat toplamalarına, dünyaya inteqrasiya etmələrinə, sosiallaşmalarına, məktəbini, özünü və ölkəsini təqdim edə bilmək bacarığına yiyələnmələrinə olduqca müsbət təsir edib. Nəinki şagirdlər, bir müəllim olaraq biz də “eTwinning Plus” layihəsi sayəsində başqa ölkələrin müəllimləri ilə tanış olur, onlarla fikir mübadiləsi aparır, əməkdaşlıq edir, onların iş təcrübəsindən yararlanmağa çalışırıq. Bu isə dərslərimizin daha keyfiyyətli və maraqlı olmasına imkan yaradır. “eTwinning Plus” layihəsində bu günə qədər bir çox layihələr icra etmişəm. Layihələrimdən bir neçəsi - “Oxumaq Bir Əyləncədir” və “Əngəlsiz Hədəflər” layihələri Milli Keyfiyyət Nişanına layiq görülüb. Qardaş ölkə Türkiyədən olan həmkarlarımla gerçəkləşdirdiyimiz “II Uluslararası Unutulan Sözlər Hayat Bulsun/Dədə Qorqud İzində Sözündə” layihəmiz isə Beynəlxalq Keyfiyyət Nişanına layiq görülüb. Həmçinin layihə çərçivəsində müxtəlif yerli və beynəlxalq seminarda iştirak etmişik. Həmkarlarımla birgə müxtəlif yeni ortaq layihələrin icrasına başlamışıq. Onu da qeyd edim ki, məktəbimiz layihədə uğurlu iştirakına görə 2019-2020-ci tədris ilində “eTwinning School” adını qazanıb”.
“Qarabağdan Ədirnəyə könül körpüsü” layihəsi haqqında məlumat verən Aytən Bağırova diqqətə çatdırıb ki, layihənin əsas məqsədi əzəli türk torpaqları olan Qarabağ və Ədirnənin milli-mənəvi dəyərlərinin, tarixinin, mədəniyyətinin, milli ideologiyasının yetişən gələcək nəslə tanıdılmasıdır. Onların mənəvi dəyərlərini qoruyan, Vətəninin tarixinə, keçmişinə yaxşı bələd olan vətənpərvər nəsil olaraq yetişməsinə nail olmaqdır. Layihədə 19 müəllim və 100 yaxın şagird iştirak edir. Layihə ilə bağlı sosial şəbəkə səhifələrimiz də artıq mövcuddur. Bunu etməkdə məqsəd internet istifadəçiləri üçün Qarabağla bağlı araşdırma apararkən sadəcə müharibə ilə bağlı rəsmlər və videolar deyil, oranın tarixi, təbiəti və mədəni dəyərləri ilə bağlı məlumatlar əldə etməsinə dəstək göstərməkdir.
O bildirib ki, layihə çərçivəsində ilk buraxılışı Novruz bayramı ərəfəsində dərc ediləcək “Könül körpüsü” qəzeti “İki ləhcə tək türkcə” şüarı altında yayımlanacaq. Qəzetin nəşrində əsas məqsədimiz iki qardaş ölkədə yetişən yeni nəsillərin bir-birlərinə olan sevgi və bağlılığının daha da möhkəmləndirilməsi, danışılan ləhcələr arasındakı bənzərliyin və fərqlərin öyrənilməsidir. Qəzetdə Qarabağ başda olmaqla, Azərbaycan və Türkiyə ilə bağlı xəbərlər, ortaq ədəbi mədəniyyətimizə aid lətifələr, şərqilər, hekayələr, nağıllar, tarixi və turistik yerlərin tanıtımı, elmi məqalələr və tarixdəki önəmli şəxsiyyətlər haqqında məqalələr həm Azərbaycan, həm də türk dilində dərc olunacaq. Elmi mövzularda olan yazıların isə ingilis dilində də dərc edilməsi nəzərdə tutulur.
“Günümüzdə öz fəaliyyəti üçün pedaqoji sahəni seçmiş hər bir müəllim müasir zamanla ayaqlaşa bilən, XXI əsr bacarıqlarından xəbərdar olan moderator olmalıdır. Bütün bu özəllikləri inkişaf etdirməyə isə “eTwinning Plus” olduqca əlverişli və gözəl bir platformadır”, - deyə Aytən Bağırova qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər