Akademik İsa Həbibbəyli: Türkiyə-Azərbaycan qardaşlığı Ulu Öndərin “bir millət, iki dövlət” kəlamının təzahürüdür

Akademik İsa Həbibbəyli: Türkiyə-Azərbaycan qardaşlığı Ulu Öndərin “bir millət, iki dövlət” kəlamının təzahürüdür Martın 9-dan etibarən İstanbulda beynəlxalq “İstanbul Publishing Fellowship” (İstanbul Nəşriyyat Təqaüdü) proqramı öz işinə başlayıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Anadolu Agentliyinin qlobal rabitə tərəfdaşlığı ilə hazırlanan, Türkiyə Media Yayım Peşə Birliyi (TBYM) tərəfindən keçirilən tədbir çərçivəsində bu il ilk dəfə təşkil olunan “Diqqət mərkəzindəki ölkə” mövzusu çərçivəsində Azərbaycan nəşriyyatından bəhs edilir. Bu bölmənin təşkilinin əsas məqsədi türk dilinin nə qədər qədim olduğunu tanıtmaq və dilimizə beynəlxalq marağı artırmaqdır. Azərbaycanlı şair və yazıçıların da qonaq olduğu proqramda ölkə ədəbiyyatı və mətbəxi də təmsil olunur.
Tədbirin açılış mərasimində çıxış edən İlim Yayma Vəqfi mütəvəlli heyətinin başçısı Bilal Ərdoğan Azərbaycanı proqramın builki “diqqət mərkəzindəki ölkə” olaraq seçilməsi münasibətilə təbrik edib. B.Ərdoğan türk ədəbiyyatının sərhədlərinin genişliyinə diqqət çəkmək üçün ilk olaraq məhz Azərbaycanın seçilməsinin çox doğru olduğunu vurğulayıb.
Proqramın ilk verilişində çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanla Türkiyənin heç vaxt bir-birindən ayrı qalmadığını vurğulayıb. O deyib: “Hətta Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfəri ilə nəticələnən Qarabağ müharibəsində də Azərbaycan başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə dövləti və türk xalqının mənəvi dəstəyini hər zaman hiss etdi”.
Azərbaycanın “diqqət mərkəzindəki ölkə” olaraq seçilməsinin Türkiyə-Azərbaycan qardaşlığının növbəti nümunəsi olduğunu vurğulayan akademik bildirib ki, bu, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının təzahürüdür.
Azərbaycan ədəbiyyatının ilk nümunələrinin şifahi xalq yaradıcılığı nümunəsi olan dastanlarla başladığını qeyd edən İ.Həbibbəyli deyib: “VII və X əsrlərə aid yazılı ədəbiyyat nümunələri olan Orxon-Yenisey kitabələri bizim ortaq ədəbi abidələrimizdir. Uilyam Şekspir Avropa İntibahı üçün hansı mövqedədirsə, böyük Azərbaycan şairi Nizami Gəncəvi də türk-İslam dünyası üçün eyni mövqedədir. Nizami Gəncəvi XII əsrdə Azərbaycanın Ömər Xəyyamı kimi şöhrət qazanıb. Azərbaycan ədəbiyyatı XIII və XVI əsrlərdə öz ana dilində varlığını yaşadıb. Ortaq ədəbiyyatımızın zirvəsi olan Füzuli isə şairliyin ən böyük lirik divanını yaradıb. XVII-XVIII əsrlər erkən realizm dövrünə dönüb. Ədəbiyyatda artıq Leylalar, Məcnunlar qalmayıb, Azərbaycan coğrafiyasının gözəlliklərinin təbliğinə başlanıb. XIX əsr Azərbaycan üçün maarifçilik dövrü idi, maarifçi realizm ədəbi hərəkatı qurulub. XX əsrdə bütün dünyada olduğu kimi, Azərbaycanda da romantizm ədəbiyyatının nümunələrini görmək olar. Bu dövrdə satirik və yumor ədəbiyyatı meydana çıxıb. Türk-İslam coğrafiyasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası böyük hadisələrdən biri idi”.
Azərbaycan ədəbiyyatının bu gün dünyanın bütün tanınan dillərinə tərcümə olunduğunu deyən akademik ölkəmizin digər türk dövlətləri ilə bütün sahələrdə olduğu kimi, ədəbi və mənəvi sahədə də sıx bağlarının olduğunu vurğulayıb.
Bu il keçirilən altıncı tədbir çərçivəsində yayım əlaqələrinin gücləndirilməsi, iki ölkənin mədəni həyatına veriləcək töhfələr və bu istiqamətdə həyata keçiriləcək tədbirlər müzakirə olunur.
Martın 11-dək davam edəcək proqramda 60 ölkədən 345 nəşriyyat şirkəti iştirak edir.

Tehsil-press.az

Oxşar xəbərlər