
Çağdaş türkologiyaya dəyərli bir töhfə verən professor E. Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyi özündə bir sıra mühüm nəzəri və elmi mülahizələri əks etdirən yüksək səviyyəli bir kitabdır. Dərsliyin beynəlxalq nəşriyyat tərəfindən çap olunaraq beynəlxalq miqyasda yayılması isə olduqca təqdirəlayiq haldır.
“Türk xalqları ədəbiyyatı” dərsliyi müəllifin ən dəyərli kitabları sırasında yer almaqdadır. Belə ki, Turan dünyasının ədibləri haqqında araşdırmaların, məlumatların yer aldığı bu dərslik Azərbaycanda olduğu kimi, dünya miqyası üçün də dəyərli bir elmi mənbə və bilik xəzinəsidir. “Türk xalqları ədəbiyyatı” dərsliyi gərgin əməyin və zəhmətin məhsuludur. Çünki burada ən qədim türk dastanlarından başlayaraq çağdaş dövrədək özbək, türk, qazax, qırğız, tatar, türkmən və s. xalqların şair və yazarlarının həyatı, eləcə də yaradıcılığı yer almaqdadır. Hər bir xalqın ədəbiyyatı haqqında dolğun təəssürat yaradan bu dərsliyin elmi dəyəri olduqca yüksəkdir. 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi ilə Bakıda nəşr olunan bu kitab bu gün türk dünyasının bir çox ali məktəblərində kifayət qədər tanınan və tələbat yaranan kitablar cərgəsində yer alır. Dərsliyin elmi redaktoru professor Himalay Qasımov, rəyçiləri isə akademik İsa Həbibbəyli, akademik Gövhər Baxşəliyeva, akademik Nizami Cəfərov, professor Qəzənfər Paşayev, professor Əsgər Rəsulov, professor Nizami Tağısoy kimi ziyalılarımızdır. Belə ziyalı insanların kitaba rəy vermələri dərsliyin elmi sanbalından, dəyərindən xəbər verən mühüm məqamdır.
Daha öncə qeyd etdiyimiz kimi, professor E.Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyinə artıq dünya miqyasında tələbat yaranmışdır. Bu tələbatı nəzərə alan “LAMBERT Academic Publishing” nəşriyyatı kitabı çap edərək dünya miqyasında yaymağa başlamışdır. Belə ki, adıçəkilən nəşriyyat professor E. Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabını nəşr etdikdən sonra Amerika və Avropada, ümumən dünya miqyasında tanıtmağı və yaymağı nəzərdə tutur. Qeyd edək ki, kitab İSBN 978-613-9-45859-2 beynəlxalq kodu ilə çap olunmuşdur. Professor Elman Quliyevin müəllifi olduğu “Türk xalqları ədəbiyyatı” dərsliyinin dünya ölkələrinin ali məktəblərində və kitabxanalarında yer alması həm də Azərbaycan elminin uğurundan xəbər verir.
Biz də Elman müəllimi bu münasibətlə təbrik edir və yeni-yeni elmi uğurlar arzulayırıq.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi