Akademik Tofiq Nağıyev beynəlxalq konqresdə məruzələrlə çıxış edib

Akademik Tofiq Nağıyev beynəlxalq konqresdə məruzələrlə çıxış edib Fransanın paytaxtı Parisdə Nəzəri və Tətbiqi Kimya üzrə 47-ci Beynəlxalq Konqres (IUPAC) və qurumun yaranmasının 100 illiyinə həsr olunan 50-ci Baş Assambleyanın iclasları keçirilib.
“Kimyanın sərhədləri: gəlin gələcəyimizi quraq! IUPAC-la 100 il birlikdə” şüarı ilə keçirilən konqresdə ölkəmizi AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev təmsil edib. 3500-dən çox kimyaçı alimin qatıldığı konqres çərçivəsində 30 simpozium, 9 bölmə, 8 plenar iclas keçirilib, 500-ə yaxın məruzə dinlənilib.
Akademik Tofiq Nağıyev tədbirdə iki məruzə ilə çıxış edib. Alimin hər iki məruzəsi “Yaşıl kimya”nın tələblərinə cavab verən oksidləşdirici proseslərə, o cümlədən davamlı biomimetik katalizatorların yaradılması və işlənməsində yaxın elm sahələrinin birgə yanaşma prinsiplərinə həsr olunub.
Konqresdə rus alimi D.Mendeleyevin 1869-cu ildə kəşf etdiyi kimyəvi elementlərin dövri cədvəlinin 150 illiyi də təntənəli qeyd olunub.
Xatırladaq ki, IUPAC kimyanın bütün aspektlərini əhatə edən kəskin qlobal problemlərin həllinə dair obyektiv elmi ekspertizaların verilməsi üzrə lider təşkilatdır.

Tehsil-press.az

Oxşar xəbərlər