Beynəlxalq forum: XXI əsr şəxsiyyətinin formalaşmasında önəmli amillər

Beynəlxalq forum: XXI əsr şəxsiyyətinin formalaşmasında önəmli amillər Xəzər Universiteti Bakı “Dünya” Məktəbinin təşkilatçılığı ilə “XXI əsr şəxsiyyətinin formalaşmasında önəmli amillər” adlı beynəlxalq onlayn forum keçirilib. Tədbir “Dünya” təhsil kompleksinin qurulmasında böyük əməyi olan həmtəsisçi, dəyərli pedaqoq Nailəxanım İsayevanın əziz xatirəsinə ithaf olunub.
Nailəxanım İsayeva hələ həyatda ikən belə bir forumun keçirilməsini dəstəkləyib.
Onlayn tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “XXI əsr şəxsiyyətinin formalaşmasında önəmli amillər. Riyaziyyatın rolu” mövzusunda məruzə ilə çıxış edib.
Forumun sessiyalarında Türkiyədən Hazar Kollecinin qurucusu, baş müdiri Serdar Kavzanın “XXI əsr insanında sosial medianın təsiri”, psixoloq Ülkər İsayevanın “Gənclərin müsbət inkişaf modeli”, Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublunun “Şəxsiyyətin inkişafında mühit amilinin vacibliyi”, həkim-psixiatr İkram Rüstəmovun “XXI əsrdə intiharların psixoloji xüsusiyyətləri”, Şimali Karolina orta məktəbinin müəllimi Amanda Bakerin “Distant təhsilin üstünlükləri və çatışmazlıqları”, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayevin “XXI əsr şəxsiyyətinin formalaşmasında incəsənətin rolu”, Gəncə Dövlət Universitetinin dekanı Bayram Apoyevin “XXI əsr və Nizami Gəncəvinin pedaqoji baxışları”, Azərbaycan Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri, Azərbaycan Rus Cəmiyyətinin sədr müavini, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Tədris proqramları koordinatoru Lyubov Yakuninanın “XXI əsr insanının şəxsiyyətinin sosial-tədris layihələrinin vasitəsilə inkişafı” mövzularında məruzələri dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər