Azərbaycan Çexiyada keçirilən 15-ci RefuFest mədəniyyətlərarası festivalında təmsil olunub

Azərbaycan Çexiyada keçirilən 15-ci RefuFest mədəniyyətlərarası festivalında təmsil olunub Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən 15-ci RefuFest mədəniyyətlərarası festivalda Azərbaycan Respublikası da təmsil olunub.
Praqada yerləşən Beynəlxalq Təbiət Dostları təşkilatında könüllü kimi fəaliyyət göstərən Xədicə Əliyevanın təşəbbüsü, Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin maddi dəstəyi və Çexiyadakı Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ olunub.
Festivalda Azərbaycan guşəsini ziyarət edən ölkəmizin Çex Respublikasındakı səfiri Adış Məmmədov bu kimi festivalların xalqların mədəniyyətinin təbliği baxımından əhəmiyyətindən danışıb. O, bir çox ölkələrin də iştirak etdiyi bu festivalda Azərbaycan guşəsinin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib. Səfir gənclərin ölkənin təbliği istiqamətində fəal iştirakını yüksək qiymətləndirib və onlara təşəkkürünu bildirib.
Guşədə nümayiş olunan ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı İngilis və Çex dillərində olan nəşrlər və suvenirlər ziyarətçilərin böyük marağına səbəb olub.
Azərbaycanlı xanımların hazırladıqları milli mətbəx nümunələrindən paxlava, şəkərbura, dolma, dovğa, Qarabağ kətəsinin və Azərbaycan şərablarının dadına baxan qonaqlar məmnunluq hisslərini ifadə ediblər.
Festivalda azərbaycanlı gənclər “Sarı gəlin” xalq mahnısını da ifa ediblər.
Milli geyimdə olan azərbaycanlı gənclər guşəyə yaxınlaşan qonaqlara Azərbaycan mədəniyyəti və milli mətbəx nümunələri haqqında İngilis, Rus və Çex dillərində ətraflı məlumat veriblər.
Festivalda Azərbaycan guşəsi diqqətçəkən və maraqlı guşələrdən biri kimi yadda qalıb.
Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Belarus, Kurasao, Çeçenistan, Ekvador, Qvatemala, İtaliya, Kolumbiya, Qırğızıstan, Meksika, Almaniya, Pakistan, Fələstin, Slovakiya, Suriya, Ermənistan, Tatarıstan, Ukrayna və Vyetnam xalqlarının mətbəx nümunələri nümayiş olunub, müxtəlif seminarlarda ölkələrin mədəniyyətləri və adət-ənənələri geniş təbliğ olunub.

Tehsil-press.az



Oxşar xəbərlər