Şəki III Beynəlxalq şirniyyat festivalına ev sahibliyi edir - [YENİLƏNİB]

Şəki III Beynəlxalq şirniyyat festivalına ev sahibliyi edir - [YENİLƏNİB] Festivallar şəhəri kimi tanınan qədim Şəki bu gün, iyulun 20-də yenidən öz qapılarını beynəlxalq festival iştirakçılarının üzünə açıb.

Tehsil-press.az xəbər verir ki, axşamüstü XVIII əsrə aid qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində III Beynəlxalq ənənəvi şirniyyat festivalının təntənəli açılış mərasimi olub.
“Yuxarı Karvansaray” kompleksinin həyətində təşkil edilən sərgilərdə şirniyyatçılar əvvəlcədən hazırladıqları qənnadı məhsullarını nümayiş etdiriblər.
Festivalın rəsmi açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubəliyev, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli çıxış ediblər. Çıxışlarda bildirilib ki, festival xalqımızın mənsub olduğu qeyri-maddi mədəni irsin saxlanılması və təbliği, eyni zamanda, turizm potensialının tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Festivalın qədim Şəki şəhərində keçirilməsi heç də təsadüfi deyil. Çox böyük inkişaf yolu keçən Şəki mətbəxi xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib. Eyni zamanda, bu qədim şəhər özünəməxsus şirniyyatları ilə də tanınır.
Festivalda iştirakçıların təqdim etdikləri şirniyyat nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və fərqlənən şirniyyatçılar mükafatlandırılacaq.
Sonda konsert proqramı nümayiş etdiriləcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalda respublikamızın 19 şəhər və rayonunun, həmçinin 8 ölkənin, o cümlədən İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşıya Respublikası, Özbəkistan, İran və Ukrayna Qananın şirniyyatçıları iştirak edirlər.
TÜRKSOY tərəfindən Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar builki festivalın iştirakçıları arasında türkdilli ölkələrdən gəlmiş qənnadıçılar da var.


Tehsil-press.az

Oxşar xəbərlər