ADU–nun Konfutsi İnstitutunun direktoru beynəlxalq seminarda iştirak edib

ADU–nun Konfutsi İnstitutunun direktoru beynəlxalq seminarda iştirak edib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Şərqi Çin Pedaqoji Universitetinin dəstəyi ilə Çin Beynəlxalq Təhsil Fondu tərəfindən Konfutsi institutlarının milli direktorları üçün təşkil olunan beynəlxalq onlayn seminarda iştirak edib.
Seminarın əsas məqsədi Konfutsi institutlarının inkişaf perspektivlərini müzakirə etmək, həmçinin milli Konfutsi institutlarının direktorları arasında təcrübə mübadiləsi aparmaq olub.
Seminarda Çin Təhsil Nazirliyi, Çin Beynəlxalq Təhsil Fondu, Çin Beynəlxalq Mübadilə Təhsil Birliyi, Şərqi Çin Normal Universiteti, Pekin Dillər və Mədəniyyət Universiteti, Çin Dili Siyasəti və Standartları İnstitutu və Çin Rabitə Universitetinin məsul əməkdaşları və professorları iştirak ediblər. Onlar dünyada Konfutsi institutlarının inkişafına, rəqəmsal təhsilə, Çin dili tədrisinin beynəlmiləlləşməsinə, milli mediada Konfutsi institutlarının ictimai imicinin formalaşmasının xüsusiyyətlərinə, Çin dilinin tədrisi və ixtisas imtahanlarının keçirilməsi üçün yeni standartların tətbiqinə dair mühazirələr oxuyublar.
Bir həftə davam edən seminar çərçivəsində Çin Konfutsi institutları ilə Beynəlxalq Mübadilə üzrə Təhsil Birliyi arasında yeni əməkdaşlıq mexanizmləri və pandemiya şəraitində Konfutsi institutlarının davamlı inkişafı ilə bağlı sessiyalar da keçirilib.
Sessiyada ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın orta məktəblərində Çin dili və mədəniyyətinin tədrisi ilə bağlı təkliflər verib.

Tehsil-press.az


Oxşar xəbərlər