Alabama-Birmingen Universitetinin professorları:”Müəllim və tələbələrdən xoş təəssüratlarla ayrılırıq”

Alabama-Birmingen Universitetinin professorları:”Müəllim və tələbələrdən xoş təəssüratlarla ayrılırıq” Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ABŞ-ın Alabama-Birmingen Universitetinin professorları- Joseph Wood və Ann Bach ilə görüşüb.
Rektor tələbələrə və müəllimlərə mühazirə oxuduqlarına görə xarici alimlərə təşəkkürünü bildirib:
“İnanıram ki, bizim tələbələr və müəllimlər sizin kimi öz sahəsinin nüfuzlu alimlərindən bir çox vacib bilgilər alıblar. Əlbəttə, bu, tələbələrin mütəxəssis kimi formalaşmasına, müəllimlərin isə öz sahəsində daha da təkmilləşməsinə müsbət təsirini göstərəcək. Azərbaycan Dillər Universiteti geniş beynəlxalq əlaqələri olan ali təhsil ocağıdır. Bizim universitetdə 20 ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Ümid edirəm, çalışdığınız Alabama- Birmingen Universiteti ilə də əməkdaşlığımız gələcəkdə daha sıx şəkildə davam edəcək, qarşılıqlı maraqlı layihələrimizdən tələbələrimiz və müəllimlərimiz faydalana biləcəklər”.
Akademik K.Abdulla qonaqlara “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarının müqayisəli tədqiqi layihəsini birgə həyata keçirməyi təklif edib. Bildirib ki, bu, ADU-nun və Alabama-Birmingen Universitetinin alimləri üçün yeni elmi perspektivlər açacaq.
Professorlar Joseph Wood və Ann Bach ADU-da olmaqdan, tələbə və müəllimlərlə görüşdən məmnunluqlarını bildiriblər. Universitetdən xoş təəssüratla ayrıldıqlarını deyən alimlər “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarının birgə öyrənilməsi təklifini müsbət qarşılayıb, təmsil etdikləri universitetdə bununla bağlı məsələ qaldıracaqlarını söyləyiblər.
Görüş ədəbiyyatşünaslıq və linqvistikanın perspektivləri, inkişaf meylləri, tərcümə sənətinin müzakirəsi ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər