BDU-da “Fizikada müasir trendlər” mövzusunda VII beynəlxalq konfrans keçirilir

BDU-da “Fizikada müasir trendlər” mövzusunda VII beynəlxalq konfrans keçirilir Bakı Dövlət Universitetində “Fizikada müasir trendlər” mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb.
Beynəlxalq konfrans mövcud əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, STAR-NET Nüvə Texnologiyaları üzrə Regional Təhsil və Təlim Şəbəkəsi, Macarıstanın Szeged Universiteti və Romanın La Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində konfransın işinə uğurlar arzulayan BDU-nun rektoru Elçin Babayev bildirib ki, respublika ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin, elmi-tədqiqat institutları alimlərinin də iştirak etdiyi konfrans işini bölmə iclaslarında davam etdirəcək və maraqlı stend məruzələr təqdim olunacaq. Rektor bildirib ki, konfransın keçirilməsində məqsəd fizika və əlaqəli elm sahələrində yeni prioritet istiqamətləri aşkara çıxarmaq, innovativ və tətbiqi xarakterli istiqamətləri müəyyənləşdirmək, beynəlxalq səviyyəli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi tədqiqatların nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.
Mərasimdə təhsil nazirinin müşaviri Ülkər Səttarova, Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun alimləri Qriqoriy Trubnikov və Aleksandr Çeplakov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, AMEA Fizika İnstitutunun direktoru Nazim Məmmədov, Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanov, STAR-NET Nüvə Texnologiyaları üzrə Regional Təhsil və Təlim Şəbəkəsinin vitse-prezidenti Andrey Timoşenko, Əbdül Vəli Xan adına Mərdan Universitetinin professoru Məhəmməd Ayaz çıxış ediblər.
Konfransın bölmə iclasında AMEA-nın Fizika İnstitutunun direktoru Nazim Məmmədov “Spektroskopik ellipsometriya və sərbəst daşıyıcının plazma kənarı: topoloji izolyatorlarda”, Böyük Britaniyanın Vorvik Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının Xüsusi Astrofizika Rəsədxanasının tədqiqatçısı Valeri Nakariakov “Günəş tacının maqnitohidrodinamik seysmologiyası”, Özbəkistan Milli Universitetinin alimi Mirzəyusif Musaxanov “Qlüon, yüngül və ağır kvarklar QCD vakuumunun instanton maye modelində”, Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Əmdulla Mehrabov “Hesablama materialları elmi vasitəsilə Fe-əsaslı nano ərintilərdə struktur-əmlak münasibətlərinin modelləşdirilməsi və simulyasiyası”, Rusiyanın Moskva Fizika və Texnologiya İnstitutunun əməkdaşı Emil Əhmədov “Kainatdakı kvant sahə nəzəriyyəsi niyə yaxşı anlaşılmır?”, ABŞ-ın Delaver Universitetinin alimi Seyid İsmət Şah “Günəş batareyası texnologiyasındakı inkişaflar və problemlər: materiallar və proseslər” mövzularında məruzə ilə çıxış ediblər.
Dekabrın 17-dək davam edəcək tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İtaliya, Macarıstan, ABŞ, Pakistan, Özbəkistan, Ukrayna, Çin, Gürcüstan və Belçikadan olan tanınmış alimlər məruzə edəcəklər. Konfransın materialları “Web of Science” bazasına daxil ediləcək. Məruzəçilər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları da olacaq. Konfransda nəzəri və yüksək enerjilər fizikası, biofizika, kodensə olunmuş hal fizikası, materialşünaslıq və maddə mühəndisliyi, kosmos elmləri və astrofizika istiqamətləri üzrə məruzələr dinləniləcək.

Tehsil-press.az




Oxşar xəbərlər