“Bazarda rəqabətliliyin artırılması üçün kənd təsərrüfatı kooperativlərinin təşviqi” mövzusunda təlim sessiyaları və seminarlar keçirilib

“Bazarda rəqabətliliyin artırılması üçün kənd təsərrüfatı kooperativlərinin təşviqi” mövzusunda təlim sessiyaları və seminarlar keçirilib Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun əməkdaşlığı çərçivəsində “Bazarda rəqabətliliyin artırılması üçün kənd təsərrüfatı kooperativlərinin təşviqi” mövzusunda ölkə üzrə kooperativlərin idarəetmə və rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəlmiş sahəvi təlim sessiyaları keçirilib.

Layihəyə uyğun olaraq beynəlxalq ekspertlər “ECO Milk” (Ağdam), “Qərb Yenilikləri” (Tovuz), “Qızıl Alma” (Yevlax) və “Arzu” (İsmayıllı) kooperativlərində birgə intensiv kouçinq sessiyaları təşkil ediblər.

Sessiyaların məqsədi kooperativlərin idarəetmə potensialını artırmaq, bazarda rəqabətliliyini gücləndirmək və üzvlər arasında əməkdaşlığı möhkəmləndirmək olub.
Təlimlərə qatılan 49 kooperativ üzvü idarəetmə, biznes planlaşdırması və birgə qərarvermə üzrə praktik biliklər əldə ediblər.

Təlimlər zamanı, həmçinin kənd kooperativlərinin üzləşdiyi sistemli çətinliklər müəyyən olunub, onların aradan qaldırılması üçün birgə həll yolları müzakirə edilib və beynəlxalq təcrübələrə əsaslanan strateji yol xəritəsi hazırlanıb.

Seçilmiş kooperativlər gələcəkdə öz bilik və təcrübələrini digər kooperativlərlə bölüşərək ölkə üzrə kooperativ hərəkatının inkişafına töhfə verməyi hədəfləyirlər.

Layihənin davamı olaraq “Azərbaycanda kənd təsərrüfatı kooperativlərinin inkişafı üçün siyasət dialoqu” mövzusunda üç günlük seminar keçirilib.

Oktyabrın 21–23-də iştirakçılar kooperativ prinsipləri, idarəetmə və siyasət çərçivələrinə yönəlmiş potensialın inkişaf etdirilməsi mövzularında sessiyalarda iştirak ediblər.

Panel müzakirələr zamanı kooperativləşməyə dair ən yaxşı beynəlxalq təcrübələr vurğulanıb və Azərbaycanda kooperativlər üçün əlverişli mühitin gücləndirilməsi yolları araşdırılıb.

Tədbirin yekun hissəsində dövlət qurumlarının nümayəndələri, kooperativ rəhbərləri, kommersiya bankları, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə çoxtərəfli formatda müzakirələr keçirilib.

Müzakirələrin yekunu olaraq iştirakçılar Azərbaycanda kənd təsərrüfatı kooperativlərinin effektivliyini, inklüzivliyini və maliyyə dayanıqlığını artırmaq üçün birgə strateji fəaliyyət planı hazırlayıblar.

Yekun seminarda qeyd edilib ki, keçirilən tədbirlər kənd təsərrüfatı kooperativlərinin inkişafını təşviq etməklə bu prosesə mühüm töhfə vermiş olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər