Mədəniyyət və İncəsənət Universitetində “İnci tək sözlər” adlı rəsm sərgisi açılıb

Mədəniyyət və İncəsənət Universitetində “İnci tək sözlər” adlı rəsm sərgisi açılıb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi, Əməkdar rəssam Vüqar Əlinin Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr edilmiş “İnci tək sözlər” adlı rəsm sərgisi keçirilib.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova “Nizami Gəncəvi İli” çərçivəsində universitetdə təşkil edilən tədbirlərdən söz açıb. Bildirib ki, universitetin bütün fakültələri Nizami Gəncəvi yaradıcılığına və poeziyasına həsr olunmuş müxtəlif tədbir və layihələr həyata keçirib. “İnci tək sözlər” rəsm sərgisi ilə ADMİU-da “Nizami Gəncəvi İli” çərçivəsində tədbirlərə uğurla yekun vurulur.
Rektorun müşaviri Sevil Kərimova Vüqar Əlinin yaradıcılığına diqqət çəkərək qeyd edib ki, o, hər bir mövzunu öz təxəyyülündən, düşüncəsindən keçirən rəssamdır: “Bu gün onun nümayiş etdirilən əsərləri Nizami dünyasına, fəlsəfəsinə, sufi düşüncəsinə müraciətdir. Biz çalışdıq ki, Nizaminin “Xəmsə”sinə xitabən beş əsər təqdim edək. Lakin bu beş əsər bu dəfə poemalara deyil, pritçalara - kəlamlara həsr olunub. Hər bir rəsmin yanında onun həsr olunduğu kəlamlar da verilib. Ümidvarıq ki, bu kəlamlar təkcə bu il deyil, bütün ömrümüzdə bizim yolumuzu işıqlandıracaq”.
Vüqar Əli ərsəyə gətirdiyi əsərlərin mahiyyətindən danışıb: “Bir ilə yaxındır ki, biz bu tədbirə hazırlaşırıq. Tədbirdə incəsənətin müxtəlif sahələri öz əksini tapıb. Nizami təkcə şair deyildi, o, həm də filosof idi, şeyx idi. Əlbəttə, onun yaradıcılığına müraciət edərkən lazımdır ki, incəsənətin müxtəlif sahələrindən duyumun olsun. Bu rəsmlərdə isə onun hikmətli fikirlərinə istinad olunub. Bir rəsmdə bir neçə baxış bucağından, simvollardan, xalça və miniatür elementlərindən və sair istifadə olunub. Burada, həmçinin modern yanaşma var. Ənənəvi rəsmlərdən fərqli olaraq, burada eksperimentlərə də üz tutulub”.
Tədbirdə ADMİU-nun geyim dizaynı kafedrasının baş müəllimi Nəzakət Əhmədovanın rəhbərliyi ilə tələbələr Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı ölkələrin geyimlərini nümayiş etdiriblər.
Həmçinin Teatr sənəti fakültəsinin tələbələrinin ifasında Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və şər”in səhnəsi təqdim edilib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər