Bakı Xoreoqrafiya Akademiyasında konfrans: Azərbaycan incəsənətində Nizami Gəncəvi irsinin təcəssümü

Bakı Xoreoqrafiya Akademiyasında konfrans: Azərbaycan incəsənətində Nizami Gəncəvi irsinin təcəssümü Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Azərbaycan incəsənətində Nizami Gəncəvi irsinin təcəssümü” mövzusunda onlayn konfrans keçirilib.
BXA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova konfransın əhəmiyyətindən danışıb.
Gəncə Dövlət Universitetinin Musiqi fənləri kafedrasının müəllimi Leyla Nəbiyeva “Azərbaycan bəstəkarlarının xor əsərlərində Nizami Gəncəvinin poeziyasının təcəssümü”, BXA-nın müəllimləri Mayra Almaszadə Fikrət Əmirovun “Nizami” balet tamaşası, Atababa Hacıbabayev “Nizami Gəncəvi obrazı Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində”, Sevinc Əliyeva “Müstəqillik dövrü Azərbaycan rəssamlarının yaradıcılığında Nizami obrazı”, Vəfa Əliyev “Azərbaycan ədəbiyyatında nizamişünaslığın təşəkkülü, Aygül Hüseynova “Nizami obrazları miniatür sənətində”, Dinara Əliyeva “Nizami Gəncəvinin İntibah poeziyasında özünü tapma cəhdləri (“Yeddi gözəl” poemasının təhlili əsasında)” mövzularında məruzə ilə çıxış ediblər. Konfransda, həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının Memarlıq və incəsənəti şöbəsinin müdiri professor Kübra Əliyevanın “Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Azərbaycanın qədim tarixinin, elminin və mədəniyyətinin öyrənilməsinin mənbəyi kimi”, Gəncə Dövlət Universitetinin Musiqi fənləri kafedrasının müəllimi İradə Abdurəhmanovanın “Qara Qarayevin yaradıcılığında Nizami Gəncəvi poeziyasının təcəssümü” mövzularında məruzələri dinlənilib.
Bədii hissə ilə davam edən tədbirdə BXA-nın Musiqi sənəti kafedrasının baş müəllimi Lalə Hüseynlinin müəllifi olduğu “Nizami qəzəlləri” kompozisiyası əsasında dahi şairin bir neçə əsəri səsləndirilib. “Ay üzlü Nigarım, kimə mehman olacaqsan?” qəzəli BXA-nın Musiqi sənəti kafedrasının müdiri Əhsən Əhmədov (xanəndə), konsertmeyster ustalığı sinfinin II kurs tələbələri Fuad Süleymanov (tar) və Nihad Məmmədovun (kamança) ifasında nümayiş olunub.
BXA-nın bakalavr təhsil pilləsinin II kurs tələbəsi Gülçöhrə Nəzərovanın ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” əsəri təqdim olunub. Üzeyir Hacıbəylinin “Sevgili canan” əsəri isə BXA-nın bakalavr təhsil pilləsinin I və II kurs tələbələrinin (solits Həcər Hacızadə) ifasında göstərilib. Qeyd edək ki, bu çıxış instrumental ifaçılıq ixtisası üzrə təhsil alan tələbələrin rəqs sənəti üzrə konsertmeyster ustalığından ilk yaradıcı təcrübəsidir.
Qara Qarayevin “Yeddi gözəl” baletindən “Slavyan gözəli” BXA-nın orta ixtisas təhsil pilləsinin III kurs tələbəsi Səbinə Məmmədovanın ifasında nümayiş olunub.
Konfransın sonunda BXA-nın Baletmeyster sənəti kafedrasının müəllimi Nigar Mirzəyeva tərəfindən Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Məğrib gözəlinin əfsanəsi” monoloqu təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər