BDU: Elmi şuranın iclasında payız semestrinin imtahan sessiyasının nəticələri haqqında məlumat verilib

BDU: Elmi şuranın iclasında payız semestrinin imtahan sessiyasının nəticələri haqqında məlumat verilib Bakı Dövlət Universitetində (BDU) Elmi şuranın növbəti iclası keçirilib.
İclasda şuranın sədri, rektor Elçin Babayev gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında məlumat verib. Qeyd edilib ki, payız sessiyası əyani təhsil formasında təhsilalanlar üçün yazılı və şifahi dialoq formasında, tədrisə əyani formada cəlb edilə bilməyən əcnəbi tələbələr üçün distant formada təşkil olunub. İmtahan sessiyasının gedişinə operativ nəzarət həyata keçirilib. Bu imtahan sessiyasında 24 min 462 nəfər tələbə iştirak edib. Payız sessiyası üzrə keyfiyyət göstəricisi 38 faiz, müvəffəqiyyət göstəricisi isə 74 faiz olub. Rektor Elçin Babayevin əmri ilə xüsusi imtahan qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiyaya daxil olan şikayətlərin operativ araşdırılması üçün “Qaynar xətt”, xüsusi e-mail ünvanı, vatsap nömrəsi yaradılıb.
Sonra BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova, Apellyasiya Komissiyasının sədri Elşad Qurbanov imtahan sessiyası haqqında məlumat veriblər.
Elmi Şuranın iclasında 2021-2022-ci tədris ilinin yaz semestrinin da payız semestrində olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla, hibrid formada təşkil edilməsi barədə qərar qəbul olunub.
İclasda BDU-nun Vətən müharibəsində iştirak etmiş tələbələrinin əlavə qruplar üzrə təhsil xərclərinin BDU büdcəsindən ödənilməsi barədə də qərar qəbul olunub. Rektor Elçin Babayev qeyd edib ki, Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm iş aparılır. BDU Elmi şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən müharibəsi iştirakçısı olmuş altqruplarda təhsil alan tələbələrin ödənişləri təhsil müəssisəsinin büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün qanunvericiliyə uyğun bütün şərait yaradılır.
İclasda 27 Mart - Azərbaycan Respublikasında Elm Gününə həsr olunan “İlin alimi” nominasiyası üzrə müsabiqə elan olunması haqqında məlumat verilib. Qeyd edilib ki, ikinci ildir keçirilən müsabiqə BDU alimlərinin fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.
Sonra 2022-ci il üçün BDU-nun nəşr planı təsdiq edilib. Universitetin ictimai həyatında fəal iştirak edən 16 könüllüyə təşəkkürnamələr təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər