Azərbaycan Dillər Universitetində Elmi şuranın növbəti onlayn iclası keçirilib

Azərbaycan Dillər Universitetində Elmi şuranın növbəti onlayn iclası keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Elmi şuranın növbəti onlayn iclası keçirilib.
Universitetin rektoru, akademik Kamal Abdulla 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının keçirilməsi haqqında müvafiq göstərişlər verib. Rektor bildirib ki, imtahan prosesi maksimum dərəcədə həssas təşkil olunmalı, tələbələr onlardan asılı olmayan səbəblərə görə problemlərlə üz-üzə qalmamalıdır: “Biz tələbələrin obyektiv və subyektiv ehtiyaclarını nəzərə almalıyıq. Cəbhə bölgəsində yaşayan, ailəsində şəhid olan tələbələrimiz var. Ona görə də indiki halda tələb ondan ibarətdir ki, üz-üzə qaldığımız reallıqlara və məqamlara görə tələbələrin problemləri həll edilsin. İnanıram ki, tələbələr də yaranmış vəziyyətdən sui-istifadə etməyəcəklər. Postpandemiya dövründə hər şey yaxşı olacaq, tədris əvvəlki vəziyyətinə qayıdacaq və bütün çatışmazlıqlar aradan qaldırılacaq”.
Rektor Qarabağ həqiqətlərinin, erməni təxribatlarının dünyaya çatdırılması istiqamətində ADU-da yaradılan qərargahın işinə də toxunub. Bildirib ki, qərargah qısa müddət ərzində dünya ölkələrinin müxtəlif strukturlarına dörd minə yaxın məktub göndərib.
Daha sonra tədris məsələləri üzrə prorektor Sevinc Zeynalova, elmi işlər üzrə prorektor Novruz Məmmədov müvafiq sahələrə dair mövcud vəziyyət haqqında məlumat veriblər.
2020-2021-ci tədris ilinin qış imtahan sessiyasına hazırlıq haqqında danışan Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova bildirib ki, payız semestrinin qış imtahan sessiyasının 2021-ci il yanvarın 5-dən fevralın 12-dək təşkil olunması nəzərdə tutulur. 2020-2021-ci tədris ili payız semestrinin qış imtahan sessiyası onlayn formada həyata keçiriləcək.
Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsi tərəfindən imtahan sessiyası bitdikdən sonra bir həftə ərzində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrin imtahanları təşkil olunacaq. Həmçinin imtahan zamanı texniki problemlərdən dolayı qoşulmada problem olan tələbələr üçün imtahan günü və ya növbəti gün fərdi qaydada imtahanın təşkili təmin olunacaq. İmtahan sessiyası dövründə yarana biləcək hər hansı problemi dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək məqsədilə Operativ Qərargah fəaliyyət göstərəcək.
Biliyin qiymətləndirilməsi və monitorinq şöbəsinin müdiri Fatma Qurbanzadə 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası müddətində keçən semestrlərdə olduğu kimi maksimum güzəştlər tətbiq olunacağını diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər