Qırx iki il sonra “Bolonya qətliamı” ilə bağlı yeni hökm oxunub

Qırx iki il sonra “Bolonya qətliamı” ilə bağlı yeni hökm oxunub İtaliya tarixinin ən qanlı hadisələrindən biri olan və 1980-ci il avqustun 2-də Bolonya qatar stansiyasında törədilən partlayışdan 42 il sonra ifrat sağçı təşkilatın üzvü Paolo Belliniyə ömürlük həbs cəzası verilib.
Daha əvvəl isə sağçı təşkilatın 4 üzvü “Bolonya qətliamı”nı təşkil etdiklərinə görə məhkum olunub. Neofaşist Avanguardia Nazionale təşkilatının üzvü Paolo Belliniyə qarşı irəli sürülən ittihamlar 1992-ci ildə sübut və dəlillər olmadığı üçün ləğv edilmişdi. Lakin hadisədən illər sonra Bolonya Prokurorluğu yeni dəlillər və şahidlərin ifadələri sayəsində P.Belliniyə qarşı istintaq başladılıb. Bolonya Ağır Cinayətlər Məhkəməsi isə 68 yaşlı P.Bellinini ömürlük həbs cəzasına məhkum edib və cəzasının birinci ilini gündüz təcridxanasında keçirməsinə qərar verib.
Keçmiş Jandarma komandirləri Pierciorgio Segatel və Domeniko Katraççia isə istintaqı yayındırmaq üçün yalan ifadələr verdiklərinə görə müvafiq olaraq 6 və 4 il həbs cəzasına məhkum ediliblər.
Xatırladaq ki, Bolonya qatar stansiyasının gözləmə otağına yerləşdirilmiş bomba ilə həyata keçirilən hücumda 85 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. “Bolonya qətliamı” kimi tanınan hadisə İtaliyada siyasi zorakılıqla yadda qalan dövrün ən qanlı hücumlarından olub.

Tehsil-press.az


Oxşar xəbərlər