ICESCO-ya üzv ölkələrin universitetləri üçün yeni layihəyə başlanılıb

ICESCO-ya üzv ölkələrin universitetləri üçün yeni layihəyə başlanılıb Layihənin həyata keçirilməsində məqsəd açıq təhsil resurslarından istifadə edən professorların ən müasir texnologiyalara yiyələnməsi və onların universitet kurrikulumuna inteqrasiyasıdır.
Layihənin təqdimatında çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl Malik qeyd edib ki, hazırkı texnoloji inqilab şəraitində açıq təhsilin inkişafı böyük əhəmiyyətə malikdir. O diqqətə çatdırıb ki, rəhbərlik etdiyi təşkilat üzv ölkələrin universitetlərində texnologiyanın ən son nailiyyətlərinin tətbiqində fəal iştirak edəcək. Baş direktor əlavə edib ki, layihə çərçivəsində İslam ölkələrinin universitetlərində professorlar və tədqiqatçı-alimlər üçün treninqlər təşkil olunacaq, həmçinin dünyanın ən nüfuzlu ali təhsil ocaqları və elmi-tədqiqat müəssisələri ilə təcrübə mübadiləsi aparılacaq.
ICESCO-nun iki il davam edəcək yeni layihəsi çərçivəsində təşkilata üzv olan 25 ölkədən 400 universitet müəllimi və tədqiqatçı virtual treninqlərə cəlb olunacaq, distant təhsil üzrə onların öz platformaları nəzərdən keçiriləcək. Bu sahədə ən uğurlu təkliflər üçün qrant da ayrılacaq. Bundan başqa, FUIW-ə üzv universitetlərin Avropanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlığı da təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti də FUIW-in üzvüdür.

Tehsil-press.az


Oxşar xəbərlər