Qarabağ problemi ilə bağlı Bolqarıstanda tədbir

Qarabağ problemi ilə bağlı Bolqarıstanda tədbir Bu günlərdə Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ probleminin bolqar cəmiyyətində işıqlandırılması” mövzusunda tədbir keçirilib.
Tədbirin aparıcısı Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska mövzudan danışıb, sonra qonaqları təqdim edib. Tədbirdə Azərbaycanın Bolqarıstandakı Səfirliyin nümayəndəsi Mahir Cəfərov da iştirak etmişdir. Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin sədri Mariya Hüseynova-Atanasova iştirakçılara Qarabağın tarixi, onun Ermənistan tərəfindən işğalı, qaçqın və köçkün həmvətənlərimiz haqqında ətraflı məlumat verdi.
Tədbir zamanı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Prezident İlham Əliyevin çıxışından Dağlıq Qarabağla bağlı hissə, “Ermənistan terrorizmi” və “Xocalı soyqırımı” sənədlı filmlərindən parçalar nümayiş olunub, cəbhədəki son hadisələrlə bağlı məlumat verilib. Tədbirdə iştirak edən Sofiya Universitetinin müəllim və tələbələrinin mövzu ilə bağlı sualları cavablandırılmışdır.
Bu görüş Azərbaycan həqiqətlərinin Bolqarıstan cəmiyyətinə çatdırılması və obyektiv işıqlandırılması istiqamətində BSU mərkəzinin keçirdiyi silsilə tədbirlərin tərkib hissəsidir.

BSU-nun Mətbuat Şöbəsi

Oxşar xəbərlər