Turizm və Menecment Universiteti “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq edəcək

Turizm və Menecment Universiteti “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq edəcək Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlığa dair sənəd imzalanıb.
Sənədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və ATMU-nun rektoru İlham Mədətov imzalayıblar. Sənəddə elm və sənaye, o cümlədən universitet tələbələrinin praktiki vərdişlərə yiyələnmələrinə istiqamətlənən xüsusi proqramların həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ATMU-nun nəqliyyat servisi, menecment, maliyyə, marketinq ixtisasları üzrə bakalavr və magistr səviyyələrində təhsil alan, müvəffəqiyyət göstəriciləri yüksək olan tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən müvafiq seminar və təlimlərdə iştirakı əksini tapıb.
Sənəddə ATMU məzunlarının “Azərbaycan Dəmir Yolları”nın ehtiyat bazasına daxil edilərək müvafiq vakant vəzifələrə təcrübəçi və işçi kimi cəlb olunması, təcrübə proqramlarında iştirakı, müştərək elmi-texniki və praktik konfransların, seminarların, sərgilərin, eləcə də QSC-nin rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən ustad dərslərinin təşkili və s. göstəricilər xüsusi qeyd olunub.
Universitetin bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakını şərtləndirən müvafiq sənəddə ATMU-nun tədris-innovasiya infrastrukturundan “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarının faydalanması, ali məktəbin təşəbbüsü ilə keçiriləcək təlim proqramlarına qatılmaları da nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər