"Əsrin müqaviləsi"ndən ötən 28 il TƏHLİL

"Əsrin müqaviləsi"ndən 28 il ötür. Bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bu müqavilə ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdən birincisi kimi tarixdə yer aldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq müqavilələr imzalanmışdı, amma "Əsrin müqaviləsi"nin imzalanması, məhz Azərbaycan iqtisadiyyatını irəliyə doğru aparan amillərdən birinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, "Bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük. Görürük ki, ulu öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq qarşısında, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir. Biz - onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk". 1994-cü il sentyabrın 20-də Bakıdakı "Gülüstan" sarayında imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Müqavilə müasir və qüdrətli Azərbaycanın təməlini möhkəmlətdi, ölkənin bu gününün və gələcəyinin uğurlu inkişafına yol açdı. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı "Əsrin müqaviləsi" imzalandı. Daha sonra dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı. "Əsrin müqaviləsi" adlandırılan bu saziş müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu və böyük uğurların qazanılmasında müstəsnalıq təşkil etdi.
"ƏSRİN MÜQAVİLƏSİ" AZƏRBAYCANI İNVESTİSİYALARA AÇIQ BİR DÖVLƏTƏ ÇEVİRDİ
Müqavilə müasir Azərbaycanın inkişaf perspektivləri baxımından, o cümlədən, iqtisadiyyatın dirçəldilməsi və şaxələndirilməsi prosesində olduqca mühüm rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir: "Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər "Əsrin kontraktı" imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. "Əsrin kontraktı"nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var". 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə sentyabrın 20-si "Neftçilər Günü" kimi elan olunub. Hər il neftçilər öz peşə bayramlarını qeyd edirlər. Bu gün neftçilər üçün ikiqat bayrama çevrilib. Bu günü neftçilər həm "Əsrin müqaviləsi"ni, həm də peşə bayramı günü kimi qeyd edirlər. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinə əsaslanan strategiyanın möhtəşəm nəticələrinin şahidiyik. "Əsrin müqaviləsi" ölkədə misli görünməmiş bir iqtisadi inkişafa yol açdı və Azərbaycanı müasir enerji mərkəzinə çevirdi.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, "Əsrin müqaviləsi" Azərbaycanı investisiyalara açıq bir dövlətə çevirdi və xarici investorlar, bu layihə təsdiqini tapdıqdan sonra, sərbəst şəkildə ölkəmizə investisiya yatırmağa başladılar. 1994-cü ildən bu günə qədər ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə, özlüyündə, qeyri-neft sektorunun da inkişafını təmin etdi. Digər tərəfdən, bu, iqtisadi inkişafın təməlinin qurulmasına imkan yaratdı. Məhz bu layihədən əldə olunan gəlir sayəsində, Azərbaycan vətəndaşlarının sosial təminatının yüksəldilməsi istiqamətində əsaslı addımlar atıldı və müxtəlif layihələr həyata keçirildi. Ölkədə sabitliyin yaranması isə yeni-yeni sahələr üzrə investisiyaların Azərbaycana cəlb olunmasına köməklik göstərdi. Bu da, nəticə etibarı ilə, ölkəmizdə regionların sosial-iqtisadi inkişafını və digər mühüm aspektləri özündə ehtiva edən genişmiqyaslı proqramların və konsepsiyaların reallaşmasına şərait yaratdı. "Əsrin müqaviləsi"nə qədər Azərbaycan kifayət qədər yol gedib. Azərbaycan dövlətinin təbii sərvətlərinə sahib çıxmaq üçün atdığı addımlar "Əsrin müqaviləsi"ndə öz əksini tapıb. Dünyada təbii sərvətlərlə zəngin olan və onu dünya bazarına çıxaran dövlətlər çoxdur. Ancaq onlardan heç də hamısı uğur qazanmayıb. Uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyev "Əsrin müqaviləsi"ni imzalamaqla, yalnız Azərbaycan üçün deyil, region və Avropa üçün bir sıra problemləri həll etmiş oldu. Bu müqavilənin imzalanması güclü Azərbaycanın əsasını qoydu. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Nəticədə, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin, ciddi geosiyasi alətə çevrildi. Azərbaycan, artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. "Kontraktın qüvvəyə minməsi Azərbaycanı yeni inkişaf yoluna çıxardı və bu gün "Əsrin kontraktı" bizim neft sənayemizin inkişafında öz rolunu oynayır", - deyə Azərbaycan Prezidenti bildirib. Dövlət başçısının fəaliyyəti nəticəsində, neft və qazın bir neçə kəmər vasitəsi ilə Azərbaycandan Avropaya çıxarılması təmin edilib. Azərbaycan üçün nə vaxtsa hər hansı bir kəmərdə təhlükə yaransa, hansısa bir hadisə baş verərsə, digər kəmər vasitəsi ilə təbii sərvətini xarici dövlətə çıxara biləcək. "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti nəticəsində, bu gün neft Azərbaycan xalqının rifahına xidmət edərək, ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib. Bu müqavilə makroiqtisadi və sosial göstəricilərə öz təsirini göstərib. Tarixi reallıqlara, statistik göstəricilərə əsaslanaraq, deyə bilərik ki, neft gəlirləri nəticəsində, baş vermiş iqtisadi sıçrayış əhalinin gəlirlərinin artımasına, yoxsulluğun azaldılmasına və başqa sahələrdə irəliləyişə səbəb oldu. Ölkədə aztəminatlı ailələrin sosial təminatı gücləndirilib, təhsil və səhiyyə sektorlarında, xüsusilə də, infrastrukturun yenilənməsi, xidmət səviyyəsinin artırılması və bu sahələrdə çalışanların əmək haqlarının artırılmasına diqqət yetirilib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz neft kapitalını insan kapitalına çevirir.
"ƏSRİN MÜQAVİLƏSİNDƏN" "YENİ ƏSRİN MÜQAVİLƏSİ"NƏ DOĞRU
2017-ci ildə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edildi və yenidən tərtib olunmuş saziş imzalandı. Bu, "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövrün başlanması kimi qiymətləndirilib. "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Müqavilənin uzadılması gələcək üçün uzunmüddətli çiçəklənməni və sabitliyi təmin edəcək. Bu müqavilə Azərbaycan üçün daha da əlverişlidir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, 1994-cü ildə imzalanmış kontraktın bizim maraqlarımızı tam təmin etməsinə baxmayaraq, bu dəfə isə, daha yaxşı şərtlərlə kontrakt imzalanır. Həqiqətən də, ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir və bu gün Onun kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən davam etdirilir. İyirmi səkkiz il ərzində Azərbaycan böyük yol keçmişdir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır: "Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə də hər hansı bir başqa maneə və ya problem yoxdur".
"Əsrin müqaviləsi"ndən "Yeni Əsrin müqaviləsi"nədək gedən yol Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu neft strategiyası əsasında reallığa çevrilib. Azərbaycanın iqtisadi potensilaının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycanın dünyanın hərbi baxımdan ən güclü dövlətlər sırasına çıxmasında məhz bu siyasətin düzgün qurulması həlledici rol oynadı. Ümummilli Lider Heydər Əliyev tərəfindən iqtisadi prioritetlərin düzgün müəyyən edilməsi və cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi nəticəsində güclü iqtisadiyyatımız bizə müdafiə sənayemizin inkişaf edirilməsinə şərait yaratdı, güclü Azərbaycan Ordusu formalaşdı. Bu ordu 30 ilə yaxın işğalda olan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad etdi. Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun, xalqımızın firavan həyatının qarantına çevrilmiş uzunmüddətli enerji strategiyası bu gün də Azərbaycanın dinamik inkişafı ilə paralel irəliləyərək, bir-birindən parlaq zəfərlərə yol açır, neft-qaz sənayemizi daha yüksək zirvələrə aparır.

Tehsil-press.az


Oxşar xəbərlər