ATMU əməkdaşları “Erasmus+” proqramı çərçivəsində İtaliyada olublar

ATMU əməkdaşları “Erasmus+” proqramı çərçivəsində İtaliyada olublar Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramı çərçivəsində İtaliyanın Roma, Kyeti-Peskara və Forli şəhərlərində keçirilən seminarlarda iştirak edib.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən təcrübə müəssisələri pilot kursları, PICASP” layihəsinin tərəfdaşı statusunda ATMU-nu Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Həlilə Məmmədova və Turizm və qonaqpərvərlik fakültəsinin akademik məsləhətçisi, eləcə də Turizm biznesi kafedrasının müəllimi Güllü Əsgərli təmsil ediblər.
Roma şəhərində İtaliya Mədəniyyət Nazirliyində keçirilən ilk təlim çərçivəsində ATMU təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa və Litva nümayəndələrinin iştirakı ilə tanışlıq görüşü keçirilib.
Kyeti-Peskara şəhərində Ud’A Universitetində layihə sənədlərinin işlənməsi, layihə dövründə görülən işlər və yekun hesabatların hazırlanması məsələləri müzakirə edilib, layihənin icrasından gözlənilən ilkin nəticələrə dair fikir mübadiləsi aparılıb.
Forli şəhərində yerləşən Bolonya Universitetinin kampusunda müəssisə nümayəndələrinin məruzələri dinlənilib, innovativ tədris prosesinin təşkili, təkmilləşdirilməsi, yeni sillabusların hazırlanması kimi məsələlər müzakirə edilib.
Növbəti görüşlərin Azərbaycanda keçirilməsi planlaşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər