Hamlet İsaxanlı Gürcüstan azərbaycanlıları ilə görüşüb

Hamlet İsaxanlı Gürcüstan azərbaycanlıları ilə görüşüb Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycanda fəaliyyət göstərən Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, eləcə də Tbilisidə yeni fəaliyyətə başlayan “Şərq-Qərb Tədris Universiteti”nin həmtəsisçisi, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor, akademik Hamlet İsaxanlı ilə Gürcüstan azərbaycanlılarının görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında mədəni, humanitar, təhsil və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri, Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemləri, kadr çatışmazlığı və bu problemlərin həlli yolları diqqət mərkəzində olub. Görüşdə icmanı narahat edən təhsil sahəsində yaşanan problemlər və həlli yolları müzakirə edilib.
Gənc alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva çıxış edərək Gürcüstanda soydaşlarımızın təhsil sahəsində yaşadıqları problemlərdən danışıb, Azərbaycandilli məktəblərin sayının ilbəil azaldığını diqqətə çatdırıb, milli məktəblərdə kadr çatışmamazlığını, bu və digər problemlərin həlli istiqamətində atılan addımları diqqətə çatdırıb. Eyni zamanda, Gürcüstanın dövlət strukturlarına edilən müraciətlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov Azərbaycan dövlətinin soydaşlarımıza göstərdiyi dəstək barədə məlumat verib. Təhsil sahəsinə yatırılan sərmayələrdən, SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən bu ölkənin universitetlərində təhsil alan gənclərin təhsil haqqlarının qarşılanmasından söz açan müşavir deyib ki, bu dəstək davamlı olaraq həyata keçiriləcək.
Professor Hamlet İsaxanlı Xəzər Universitetinin təsis olunması zərurətindən danışıb, bu zaman qarşılaşdığı problemlərdən və onların həlli yollarından danışıb. O, Gürcüstanda həmtəsisçisi olduğu universitetin məqsəd və məramı barədə məlumat verib, Gürcüstan azərbaycanlılarına hər zaman dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Tbilisidə fəaliyyət göstərən və “Şərq-Qərb Tədris Universiteti” cari il avqustun 9-da beynəlxalq akkreditasiyadan keçib və tam hüquqi fəaliyyət göstərir. Hələlik tibb ixtisası üzrə kadr hazırlayan tədris ocağında gələcəkdə digər ixtisaslar üzrə də kadrların hazırlanacağı vurğulanıb.
Gürcüstan ziyalıları Şərq-Qərb Tədris Universitetinin nəzdində müəllim hazırlığı, həmçinin, teatr və jurnalistika üzrə fakültə və departamentlərin açılması ilə bağlı professor H.İsaxanlıya müraciət ünvanlayıblar.
Qeyd edək ki, universitetin digər həmtəsisçisi İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin keçmiş prorektoru, professor Teymuraz Xurodzedir.

Tehsil-press.az


Oxşar xəbərlər