BDU və Buxara Mühəndislik-Texnologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BDU və Buxara Mühəndislik-Texnologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb Özbəkistanın Buxara şəhərində Bakı Dövlət Universiteti (BDU) və Buxara Mühəndislik-Texnologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Buxara Mühəndislik-Texnologiya İnstitutunun rektoru Nusratilla Barakayev imzalayıblar.
İmzalanma mərasimində E.Babayev Azərbaycan-Özbəkistan münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm və təhsil istiqamətində də uğurla davam etdiyini vurğulayıb. Rektor qeyd edib ki, iki ölkə arasında münasibətlər bütün səviyyələrdə yüksələn xətlə inkişaf edir.
E.Babayev BDU-nun fəaliyyətində Özbəkistanın qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyini, Buxara Mühəndislik-Texnologiya İnstitutu ilə imzalanan müqavilənin bu əlaqələri daha da möhkəmləndirəcəyinə əmin olduğunu bildirib.
N.Barakayev Azərbaycanın ən böyük ali məktəbi olan BDU ilə əməkdaşlıq müqaviləsinin imzalanmasının xüsusi önəm daşıdığını diqqətə çatdırıb. Rektor bildirib ki, iki ali təhsil müəssisəsinin həyata keçirəcəyi ortaq layihələr Azərbaycan və Özbəkistan arasında elm və təhsil sahəsində əlaqələri daha da möhkəmləndirəcək.
Müqaviləyə əsasən, BDU və Buxara Mühəndislik-Texnologiya İnstitutu təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə konfrans, simpozium, qısamüddətli kurs və təlimlər keçirəcək, ortaq akademik proqramlar, tədris planları hazırlayacaq. İki ali məktəb arasında birgə elmi tədqiqatların aparılması, təhsilin bütün sǝviyyǝlərindǝ təhsilalanların, akademik heyət və tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi də müqavilədə öz əksini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər