Ulu Öndər hər zaman gənclərin cəmiyyətdəki roluna xüsusi diqqət yetirib

Ulu Öndər hər zaman gənclərin cəmiyyətdəki roluna xüsusi diqqət yetirib Sağlam ruhlu, intellektual, yüksək milli-mənəvi dəyərlərə malik gəncliyə sahib olmaq hər bir dövlət üçün vacib amillərdəndir. Gənclərin cəmiyyətdə aparıcı qüvvəyə sahib olması mobillik və inteqrasiyanın da onlarla birgə addımlaması deməkdir. “Gənclər gələcəkdir və öz gələcəyini düşünən hər bir cəmiyyətdə gənclərə qayğı göstərilməlidir”,- deyə vurğulayan Ulu Öndər Azərbaycan reallığında xoşbəxt və firavan gələcəyin təmin olunması, gəncliyin inkişafı üçün mühüm addımlar atıb.
Bu fikirləri AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev söyləyib. O bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev ictimai-siyasi, elmi-mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparmaqla yanaşı, bütün bu proseslərdə gənclərin roluna hər zaman xüsusi diqqət yetirib. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq məqsədilə həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi, eyni zamanda, gənclərin kütləvi şəkildə aparıcı elm-təhsil mərkəzlərinə göndərilməsi, yüksəkixtisaslı kadrların hazırlanması və görülən digər çoxşaxəli tədbirlər Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu tərkib hissəsi idi.
1993-cü ildə xalqın dəstək və istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclər siyasəti olub. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması və bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə olunmasıdır. Ölkədə baş verən yenidənqurma islahatlarının fonunda gənclərin təşkilatlanması məqsədilə dövlət başçısının müvafiq Fərmanı ilə indiki Gənclər və İdman Nazirliyi yaradıldı. Bununla da, dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu Öndərin gənclərlə keçirdiyi çoxsaylı görüşlər, verdiyi dəyərli tövsiyələr onların ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Hər zaman Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğulayan dahi lider Heydər Əliyev tərəfindən gənclərin problemlərinin həllini təmin etmək məqsədilə fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bu siyasət proqramının inkişafı ilə Azərbaycan gəncinin tamhüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı.
“Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” kimi dövlət sənədləri bu baxımdan təqdirəlayiqdir. Habelə mənim də bəhrələndiyim, Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə göstərdiyi qayğı onun bütün ölkə vətəndaşları qarşısında göstərdiyi əvəzolunmaz xidmətlərinin tərkib hissəsidir. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimizin gənclərə olan xüsusi diqqət və qayğısı ön plandadır. Ümummilli Liderin gənclər siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2007-ci ilin Gənclər İli elan olunması, 2011-ci ildə Gənclər Fondunun yaradılması, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” kimi mühüm proqramların təsdiqi və onların icra edilməsi gənclərin rifahına xidmət edib. Qeyd etmək lazımdır ki, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynayıb. Ulu Öndərin “Bizim bugünkü gəncliyimiz sağlamdüşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir...” fikirləri indiki dövrdə də gerçəkliklə səsləşir və onun bizlərə vəsiyyəti olan “Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” tövsiyələri bizim yaşam prinsipimizə çevrilməlidir”, - deyə gənc alim fikirlərini yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər