Azərbaycan Universitetində “Qlobal çağırışlar və Türk Dünyası” mövzusunda I beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Universitetində “Qlobal çağırışlar və Türk Dünyası” mövzusunda I beynəlxalq elmi konfrans keçirilib Azərbaycan Universitetində “Qlobal çağırışlar və Türk Dünyası” mövzusunda I beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Universitetinin təşəbbüsü, Beynəlxalq Dublin Universiteti, Türkiyənin Ege Universiteti, Bitlis Eren Universiteti, Trakya Universiteti, Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutu, Rusiyanın Tarix, iqtisadiyyat və hüquq elmi-tədqiqat institutu, Mindanao Universiteti və BZT Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfrans Türk Dünyasının tarixi, mədəniyyəti və müasir dövrdə geosiyasi vəziyyətinin öyrənilməsinə həsr olunub.
Konfransa 6 ölkədən 120 məruzə qəbul olunub. Əlçatanlığın təmin olunması məqsədilə konfrans hibrid formatda həyata keçirilib.
Konfransı giriş sözü ilə Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski açaraq bildirib ki, Türk dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixi köklərə malikdir. Strateji tərəfdaşlığın da dərinləşdirilməsi bölgədə və dünyada sülhün bərqərar olmasına böyük töhfə verəcəkdir.
Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov qeyd edib ki, Türk dövlətləri arasındakı əlaqələr son 30 ilin ən yüksək mərhələsini yaşayır və yüksələn xətt üzrə inkişaf edir. Elmi əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylər daha da artırılmalıdır. Dünyada baş verən geosiyasi dəyişikliklər və qloballaşan dünyanın yeni çağırışları Türk dövlətlərinin qarşılıqlı səmərəli fəaliyyət göstərmək, vahid mövqedən çıxış etmək zərurətini ortaya çıxarıb.
Açılışın ardından Tbilisi Dövlət Universitetinin professoru Coni Kvitsianinin “Tarixi irsin müasir Qafqazda ictimai-siyasi proseslərə təsiri problemi”, Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Jumanazar Yarmetovun “Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlıq məsələləri”, Türkiyənin Kütahya Dumlupınar Universitetinin professoru Hüsamettin İnaçın “Türk Dövlətləri Təşkilatı və yeni dünya nizamı” mövzusunda çıxışları dinlənilib.
Plenar iclasın ardından konfrans işini məruzələrin təqdimatı ilə davam etdirib. Gün ərzində Türk dövlətlərinin və xalqlarının dünya tarixinə və mədəni irsinə töhfələri, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi vəziyyətin perspektivləri, Türk dövlətləri və xalqları arasında iqtisadi əlaqələr, Türk Dövlətləri Təşkilatının qurulması və gördüyü işlər, müasir dövrdə Türk xalqlarının qarşısında duran mühüm vəzifələr, Türk dövlətlərinin əməkdaşlıq mexanizmləri, Türk dövlətlərinin müttəfiqlik əlaqələrinin dərinləşməsi, İkinci Qarabağ müharibəsi və sonrakı mərhələdə yaranan reallıqlar və bu kimi aktual məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər