ADU-nun Konfutsi İnstitutu Çin mədəni irsi ilə bağlı silsilə ustad dərsləri keçirib

ADU-nun Konfutsi İnstitutu Çin mədəni irsi ilə bağlı silsilə ustad dərsləri keçirib Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan “Azərbaycan Milli İncəsənət Muzeyinin Çin incəsənəti kolleksiyası” adlı sərgi çərçivəsində Çin mədəni irsi və xalq adət-ənənələri ilə bağlı silsilə ustad dərsləri keçirib.
Çin xəttatlıq sənətinə həsr olunmuş “Kainatını yarat”, “Çin çay mərasimi” və “Çin ənənəvi döyüş sənəti” kimi mövzularda keçirilən ustad dərsləri Konfutsi İnstitutunun müəllim və tələbələrinin tematik mühazirələri və musiqili çıxışları ilə müşayiət olunub. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Konfutsi İnstitutu “Çin incəsənəti Azərbaycan muzeylərində” mövzusunda birgə seminarlar keçirərək Azərbaycan muzeyləri ilə fəal əməkdaşlıq edir. Belə ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birlikdə “Çin musiqi alətlərinin muzey kolleksiyası və Böyük İpək Yolu üzərində mədəni əlaqələrin genişləndirilməsində türklərin ənənəvi musiqi mədəniyyətinin rolu” mövzusunda tədbirlər, Azərbaycan Milli İncəsənət Muzeyi ilə “Çin təsviri və dekorativ tətbiqi sənətinin nadir eksponatlarının tarixi, muzey fondunda olan Çin çini məmulatlarının bədii xüsusiyyətləri” mövzusunda, Milli Azərbaycan Tarixi Muzeyi ilə “Azərbaycan və Çinin zərgərlik ənənələri: İpək Yolu üzərində mədəniyyətlərarası dialoq” mövzusunda, Azərbaycan Milli Xalça Muzeyi ilə isə “Azərbaycanın əjdaha xalçaları” mövzusunda seminarlar və s. keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər