Nəzəri və tətbiqi fizikanın inkişafı - beynəlxalq konfrans

Nəzəri və tətbiqi fizikanın inkişafı - beynəlxalq konfrans Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Nəzəri və tətbiqi fizikanın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransın plenar iclasında institutun baş direktoru akademik Arif Həşimov çıxış edib. Arif Həşimov Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixində əlamətdar günlərdən olduğunu söyləyib, həmin illərdə Azərbaycanda mövcud olan mürəkkəb vəziyyətdən bəhs edib. Qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi. Həmin illərdə Fizika İnstitutunda da mövcud vəziyyətlə bağlı müzakirələr aparılırdı.
A.Həşimov Ümummilli Lider Heydər Əliyevin bilavasitə Fizika İnstitutunun fəaliyyətinə olan diqqətdən, institutu ziyarət etməsindən danışıb.
Plenar iclas Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş qısa filmin nümayişi ilə davam edib.
Daha sonra beynəlxalq konfrans “Feromaqnit maddələrin rezonans spektroskopiyası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Tələt Mehdiyevin çıxışı ilə davam edib. O bildirib ki, ümumilikdə beynəlxalq konfransa 48 məqalə təqdim olunub, onlardan 43-ü nəşr edilib. Qeyd edib ki, 22 elmi mərkəzdən təqdim olunan məqalələrin 24-ü Azərbaycan, 19-u isə ingilis dilindədir. T.Mehdiyev konfrans materiallarının “AJP Fizika C” jurnalının xüsusi buraxılışında dərc olunduğunu vurğulayıb.
Tədbir akademik Cavad Abdinovun çıxışı ilə davam edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan elminə önəm verirdi və Milli Elmlər Akademiyasını Azərbaycan elminin milli sərvəti hesab edirdi.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Nəzəri və tətbiqi fizikanın inkişafı” mövzusunda beynəlxalq konfrans məruzələrlə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər