BDU-da könüllülük hərəkatı genişlənir

BDU-da könüllülük hərəkatı genişlənir Bakı Dövlət Universitetində (BDU) könüllülük hərəkatı ilbəil genişlənir. 2019-cu ildən fəaliyyət göstərən “BDU Könüllüləri” təşkilatı hazırda öz ətrafında 1000-ə yaxın könüllü tələbəni birləşdirir.
Təşkilat 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, tələbə təşkilatları ilə birgə sosial və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib. Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərməklə gələcək karyeraları ilə bağlı təcrübələr əldə edirlər. 2022-2023-cü tədris ilində “BDU Könüllüləri” təşkilatının təşəbbüsü ilə müxtəlif səpkili 77 tədbir keçirilib.
Universitetin könüllüləri, həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbir, sosial layihə və humanitar aksiyalarda fəal iştirak etməklə respublikamızda uğurla reallaşdırılan gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər. Bunun bariz nümunəsi kimi Laçın-Xankəndi yolunda təşkil olunan ekoloji aksiyada 450-dən artıq BDU könüllüsü iştirak edib.
“BDU Könüllüləri” təşkilatı könüllülük sahəsində əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə fəaliyyət göstərən digər könüllü təşkilatları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir. Eyni zamanda, gənclər arasında könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlı mövcud beynəlxalq təcrübənin öyrənilməsinə səy göstərir.

Tehsil-press.az



Oxşar xəbərlər