Firudin Qurbanov: Könüllülük hərəkatı təhsil sisteminə müsbət təsir göstərib

Firudin Qurbanov: Könüllülük hərəkatı təhsil sisteminə müsbət təsir göstərib Gənclər siyasətinin ən uğurlu modellərindən biri ölkəmizdə könüllülük hərəkatının yaranmasıdır. Azərbaycanda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, hər bir bölgəyə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.
Bu fikirləri təhsil nazirinin müavini Firudin Qurbanov “Könüllülər ili”nə həsr olunan hesabat konfransında deyib.
O, könüllülük hərəkatının təhsil sisteminə müsbət təsir göstərdiyini qeyd edib. Bildirib ki, tələbələrin bu hərəkata cəlb olunması onların aktiv həyat mövqeyi, vərdiş və bacarıqlarını inkişaf etdirir, biliklərini artırır, vətənpərvərlik ruhunu gücləndirir. Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı barədə danışan nazir müavini deyib ki, bu hərəkatla tələbə-gənclərin həyat və fəaliyyətində yeni bir mərhələ başlayıb.
Nazir müavini qeyd edib ki, yeni çağırışlar yalnız tələbə-könüllüləri deyil, bütün gəncləri qlobal çağırışlara adekvat fəaliyyət sahələri seçməyə, yüksək peşəkarlığa malik, rəqabətə davamlı mütəxəssis kimi yetişməyə, innovativ və yaradıcı fəaliyyətə səfərbər etməlidir. Pandemiya dövründə könüllülərin aktiv fəaliyyətini, onlar tərəfindən həyata keçirilən humanitar aksiyaları diqqətə çatdıran Firudin Qurbanov deyib ki, 100-dən çox könüllü “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində koronavirus pandemiyasının davam etdiyi dövrdə müxtəlif istiqamətlər üzrə cəmiyyətimizin sağlamlığı naminə fəaliyyət göstəriblər. Eyni zamanda, müxtəlif müddətlərdə keçirilən “Könüllü donor”, “Könüllü qonşu”, “Gələcəyimizi qoruyaq!” aksiyalarında yüzlərlə “Bir könüllü” fəal iştirak edərək pandemiya dövründə əhalinin maarifləndirilməsi istiqamətində görülən işlərə töhfə verib. Vətən müharibəsi dövründə Azərbaycan könüllüləri fəal iştirak edib, cəbhə ilə yanaşı, informasiya müharibəsində də düşmənə layiqli cavab veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər