Bakıda Beynəlxalq Oğuz Türkcəsi Konfransı keçirilib

Bakıda Beynəlxalq Oğuz Türkcəsi Konfransı keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Beynəlxalq Oğuz Türkcəsi Konfransının açılış mərasimi olub.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən, ölkələrimiz arasında qədim tarixə və zəngin köklərə malik dostluq və qardaşlıq münasibətlərindən söz açıb. Akademik diqqətə çatdırıb ki, Beynəlxalq Oğuz Türkcəsi Konfransında Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasından görkəmli alim və şairlər iştirak edirlər.
Türkiyənin hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğunu, haqq mübarizəsinə bütün səviyyələrdə dəstək verdiyini deyən İsa Həbibbəyli konfransın olduqca əlamətdar dövrə təsadüf etdiyini söyləyib. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə nəticələnmiş lokal antiterror tədbirləri ölkəmizlə yanaşı, Türk dünyasında da sevinclə qarşılanıb.
İsa Həbibbəyli diqqətə çatdırıb ki, bu gün ilk dəfədir Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu türk dili bayramını qardaş Azərbaycan xalqı ilə bir yerdə qeyd edir: “Bugünkü konfrans və mükafatlandırma mərasimi həm də böyük bir başlanğıcdır. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı indiki dövrdə də müstəqil türk dövlətlərinin strategiyasını müəyyən edir. Onun ən böyük nümunəsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətləridir. Bu gün Türk Dövlətləri Təşkilatının yaradılması, eyni zamanda, qardaşlığımızın, birliyimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək”.
Konfransda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Derya Örs, Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı və digər çıxış edənlər Azərbaycan-Türkiyə, eləcə də Türk dövlətləri arasında elmi, mədəni əlaqələrin genişlənməsində və inkişafında konfransın əhəmiyyətini qeyd edib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıblar.
Konfrans çərçivəsində Türk dünyasının ədəbiyyat (şeir) müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub. Akademik İsa Həbibbəyli Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən hər il ədəbiyyatın müxtəlif sahələri üzrə müsabiqənin keçirildiyini söyləyib. Qeyd edib ki, builki müsabiqə şeir üzrə təşkil edilib. Azərbaycandan bu mükafata Xalq şairi Sabir Rüstəmxanlı layiq görülüb.
Sonra şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mükafata Özbəkistandan Uluğbek Hamdamov, Qazaxıstandan Galım Jaylıbay, Qırğızıstandan Aida Egemberdiyeva və Şimali Kipr Türk Cümhuriyyətindən Oktay Öksüzoğlu layiq görülüb.
Tədbir öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında “Azərbaycanda Oğuz türkcəsinin tədqiqi ənənələri və qarşıda duran vəzifələr”, “Türk dilləri ailəsində Oğuz türkcəsinin yeri və mövqeyi”, “Oğuz” və “Oğul”un kökən birliyi”, “XI-XIII yüzillikdə Səlcuqlu coğrafiyası türkcəsinin durumu” və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Beynəlxalq konfransın iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edəcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər