Türk Xarici İşlər Təşkilatının yaradılmasının 500 illiyi ilə bağlı tədbir keçirilib

Türk Xarici İşlər Təşkilatının yaradılmasının 500 illiyi ilə bağlı tədbir keçirilib AMEA Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “500 illik uğurlu diplomatiya: keçmişdən bu günə Türk Xarici İşlər Təşkilatı” mövzusunda panel və sərgi keçirilib. Tədbir iştirakçıları əvvəlcə türk diplomatiyasının 500 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk Xarici İşlər Təşkilatının hələ 500 il bundan öncə ölkənin xarici siyasətinin möhkəm təməllər üzərində atılması istiqamətində önəmli qərarlar qəbul etdiyini deyib. Bildirib ki, məhz bunun nəticəsində qardaş Türkiyə bu gün dünyada söz sahibi olan, beynəlxalq arena üçün vacib məsələləri həll edən ölkəyə çevrilib.
Akademik İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltması ilə ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bildirib. Qeyd edib ki, oktyabrın 15-i Azərbaycan tarixində həm Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi, həm də Xankəndidə, Xocalıda və digər ərazilərdə Azərbaycanın Dövlət Bayrağının dalğalanması kimi əbədi yerini aldı. Akademik İsa Həbibbəyli AMEA kollektivi və tədbir iştirakçıları adından ölkə başçısına Azərbaycan xalqına yaşatdığı bu möhtəşəm zəfərlər münasibətilə minnətdarlığını ifadə edib.
AMEA rəhbəri Türkiyə və Azərbaycan arasındakı dostluq-qardaşlıq bağlarına toxunaraq, Qarabağ məsələsində və Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyini xüsusi vurğulayıb: “Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının həm dövlət səviyyəsində, həm də xalq, millət səviyyəsində təsdiqinin şahidiyik. Biz, sözün əsl mənasında, bütün dünyada alternativ modeli olmayan qardaş dövlətlərik".
Akademiyanın prezidenti diqqətə çatdırıb ki, Türkiyənin xarici siyasətində Türk dünyası ilə əlaqələr də mühüm yer tutur və son illərdə Azərbaycan-Türkiyə prezidentlərinin səyləri nəticəsində bu əlaqələr ən yüksək səviyyəyə çatıb.
Akademik İsa Həbibbəyli türk diplomatiyasının 500 illik tarixinin Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf etməsinin əlamətdar hadisə olduğunu bildirib.
Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tədbirin Birinci Türkoloji Qurultayın keçirildiyi bu salonda baş tutmasının tarixi əhəmiyyəti olduğunu deyib və yaradılan şəraitə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda Azərbaycanın Dövlət Bayrağının ucaldılması münasibətilə xalqımızı təbrik edən səfir Cahit Bağçı bu tarixi hadisəni bütün Türk dünyasının həsrətlə gözlədiyini söyləyib və qeyd edib ki, Xankəndidə və Xocalıda yüksəldilən Azərbaycan Bayrağı heç vaxt enməyəcək.
Bu gün Türkiyənin 260-dan çox diplomatik missiyasının dünyanın hər yerində uğurla fəaliyyət göstərdiyini deyən səfir qardaş ölkənin qlobal və regional xarici siyasətə böyük önəm verdiyini, dünyada diplomatik təmsilçiliyinə görə ilk beşlikdə qərarlaşdığını söyləyib. Bildirib ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin kürsüsündən heç kimin dilə gətirmədiyi problemləri ifadə etməklə, ölkəmizin gücünü hər kəsə göstərir.
Çıxışlardan sonra Telman Nüsrətoğlunun moderatorluğu ilə panel iclası keçirilib. İclasda Türkiyə Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rəhbəri Məsud Özcan, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı çıxış ediblər. Çıxışlarda türk diplomatiyasının son 500 ildə keçdiyi şərəfli yola nəzər salınıb, uğurlarından, bugünkü siyasətindən, Azərbaycan-Türkiyə münasibətlərindən danışılıb.

Tehsil-press.az



Oxşar xəbərlər