BDU və İstanbul Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və İstanbul Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb Anlaşma memorandumuna əsasən 2024-cü ilin yanvar ayından ikili diplom proqramlarına başlanılacaq
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və nümayəndə heyəti İstanbul Texniki Universitetində (İTU) olub.
Səfər zamanı BDU və İTU arasında anlaşma memorandumu və “Erasmus” mübadilə protokolu imzalanıb.
Anlaşma memorandumuna əsasən, müəllim və tədqiqatçı alimlərin, elmi materialların və məlumatların mübadiləsi, birgə tədqiqat layihələrinin aparılması, ikili diplom proqramlarının həyata keçirilməsi üzrə əməkdaşlıq həyata keçiriləcək.
Görüşdə növbəti ilin fevral ayından BDU və İTU arasında “Erasmus” mübadilə proqramına başlanılması da qərara alınıb.
Eyni zamanda, BDU və İTU arasında 2024-cü ilin yanvar ayından doktorantura üzrə riyaziyyat və kimya sahələrində ikili diplom proqramlarına başlanılması barədə razılığa gəlinib. Bu, iki universitetin imzaladığı anlaşma memorandumuna əsasən həyata keçiriləcək.
Bu sahədə birgə rəhbər və məsləhətçilərin, ortaq elmi-tədqiqat layihələrinin müəyyənləşdirilməsi məqsədilə ilin sonunadək BDU heyəti İTU-ya ezam ediləcək. İnformasiya texnologiyaları və süni intellekt sahələrində də ortaq layihələr həyata keçiriləcək.
Qeyd edək ki, ikili diplom proqramlarının əvvəl doktorantura, sonra isə magistratura və bakalavriat səviyyələrində kompüter elmləri, tətbiqi riyaziyyat, kimya, fizika və digər sahələrdə reallaşdırılması barədə ilkin razılıq əldə olunub.
Anlaşma memorandumuna əsasən, həmçinin İTU-nun kibertəhlükəsizlik sahəsində zəngin təcrübəsindən istifadə edərək BDU-da Kibertəhlükəsizlik laboratoriyasının birgə qurulması planlaşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər