Memarlıq və İnşaat Universitetində yeni fakültə yaradılır

Memarlıq və İnşaat Universitetində yeni fakültə yaradılır Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə genişmiqyaslı bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Bu da ölkədə xüsusilə şəhərsalma, memar, inşaat mühəndisi və dizayn ixtisasları üzrə mütəxəssislərə tələbatı xeyli artırır.
Tələbatın qarşılanması üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni fakültə yaradılır. Artıq dizayn Memarlıq fakültəsinin tərkibində ixtisas kimi deyil, yeni fakültə olaraq fəaliyyət göstərəcək.
Ölkəmizdə dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyinə təsadüf edən bu əlamətdar hadisə ilə bağlı Beynəlxalq Muğam Mərkəzində Dizayn sərgisi təşkil olunub. Sərgidə universitetin dizayn ixtisaslı tələbə və məzunlarının əl işləri, layihələri nümayiş edilib.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, yeni fakültənin yaradılmasına səbəb bu ixtisas üzrə hərtərəfli, daha keyfiyyətli, eyni zamanda, daha çox sayda kadr hazırlamaqdır: “Azərbaycanda bu ixtisas ilk dəfə bizim universitetdə 1994-cü illərdə mühit dizaynı ixtisası olaraq yaradılıb. Daha sonra 1998-ci ildə Memarlıq fakültəsinin nəzdində Dizayn kafedrası yaradıldı və bu ixtisas üzrə tələbə qəbulu həyata keçirildi. 1998-ci ildə mühit dizaynı ixtisası üzrə ilk bakalavr, 2000-ci ildə isə magistr buraxılışları reallaşdırıldı. Universitetdə dizayn ixtisasının yaradılmasından sonra bu istiqamətdə tədqiqatlar başladılıb, beynəlxalq əməkdaşlıqlar qurulub. Xüsusilə qeyd etmək lazımdır ki, xarici təcrübəni daha dərindən öyrənmək üçün 2018-ci ildə Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə imzalanan “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”na əsasən universitetdə İtaliya-Azərbaycan Dizayn Mərkəzi yaradılıb. Azərbaycanda dizayn üzrə ali təhsilin Avropa standartlarına uyğun formalaşdırılmasında bu mərkəzin böyük əhəmiyyəti oldu. Mərkəzdə başladılan və uğurla davam etdirilən əlaqələr nəticəsində AzMİU ilə Milan Politexnik Universiteti arasında dizayn ixtisası üzrə ikili diplom proqramına başlanıldı və bu proqram davam edir.
Bu günədək 1400-ə yaxın məzunumuz olub. Əlbəttə ki, ölkəmizdə aparılan işlər fonunda bu, yetərli deyil. Yeni fakültənin yaradılması, dizayn üzrə kadr hazırlığının genişləndirilməsi və keyfiyyətin artırılması məhz bu çağırışa adekvat cavabdır”.
Ötən 25 ildə kafedrada aparılan tədqiqatlar, qurulan əlaqələr nəticəsində tədris və layihə təcrübəsinin vəhdətinə nail olunub.
AzMİU-nun Qrafik və media dizaynı kafedrasının müdiri Təranə Bəkirova universitetin dizayn ixtisası üzrə böyük təcrübə qazandığını qeyd edib: “Əldə etdiyimiz təcrübə ilə biz dizayn ixtisasını şaxələndirdik. Bu gün universitetimizdə dizayn üzrə artıq iki kafedra fəaliyyət göstərir – Qrafik və media dizaynı və Mühit dizaynı kafedraları. Bu tədris ilindən bakalavr səviyyəsində dizaynın sahələri üzrə, magistratura səviyyəsində isə üç ixtisas – memarlıq mühitinin dizaynı, dizayn və texniki estetika, vizual dizaynı və media üzrə kadr hazırlığı həyata keçirilir. Yeni fakültənin yaradılması işləri daha mütəşəkkil həyata keçirməyə şərait yaradacaq. Çalışırıq ki, ən qabaqcıl təcrübəyə əsasən, beynəlxalq standartlara uyğun kadr hazırlığı aparaq”.
Hazırda AzMİU-da dizayn ixtisası üzrə üç – Azərbaycan, ingilis və rus dillərində tədris həyata keçirilir. Tədrisə yerli mütəxəssislərlə yanaşı, universitetin əməkdaşlıq müqavilələrinə əsasən xarici mütəxəssislər, xüsusilə İtaliya universitetlərinin müəllimləri cəlb olunur. Tələbə və müəllim mübadiləsi, eyni zamanda, ikili əməkdaşlıqlar çərçivəsində tələbələr mütəmadi olaraq dizayn ixtisası üzrə ən qabaqcıl təcrübəyə sahib Avropa universitetlərinə göndərilir. Bu da onların beynəlxalq təcrübəni, dizayn üzrə müasir trendləri də öyrənmələrinə imkan yaradır.
Tədbirdə çıxış edən İtaliya–Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə dizayn ixtisasının tədrisinin əhəmiyyətini vurğulayıblar.
Sərginin açılış mərasimində dövlət rəsmiləri, mədəniyyət xadimləri, universitet rektorları, ictimaiyyət nümayəndələri və özəl sektorun təmsilçiləri iştirak ediblər.

Tehsil-press.az




Oxşar xəbərlər