ADNSU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı

ADNSU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı işə başlayıb.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov universitetdə “Heydər Əliyev İli” çərçivəsində müxtəlif mövzularda beynəlxalq konfransların keçirildiyini vurğulayıb. O bildirib ki, bu konfrans iqtisadiyyatın idarə edilməsinin aktual problemləri və perspektiv istiqamətlərinin öyrənilməsi və araşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru professor Nazim Müzəffərli tədbirin dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsindəki problemlərin müxtəlif aspektlərinə toxunmaq və bu məsələləri müzakirə etmək məqsədilə təşkil olunduğunu deyib.
Sonra İqtisadiyyat İnstitutunun şöbə müdirləri - professor Fuad Qənbərov “Azərbaycanda qeyri-neft ixracı: imkanlar və inkişaf istiqamətləri”, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva “Azərbaycanda qeyri-dövlət pensiya təminatının formalaşdırılması”, iqtisad elmləri doktoru Yaşar Məmmədov “Azərbaycanda səhiyyə sisteminin inkişaf səviyyəsinin qiymətləndirilməsi”, doktorant Aygün Təhməzli “Dayanıqlı inkişaf məqsədləri çərçivəsində Azərbaycanda sosial inkişafın təmin olunması” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans bölmə iclasları ilə davam edir və noyabrın 24-də başa çatacaq.

Tehsil-press.az


Oxşar xəbərlər