“Çingiz Aytmatovun əsərlərində sosial-siyasi prioritetlər” - elmi seminar

“Çingiz Aytmatovun əsərlərində sosial-siyasi prioritetlər” - elmi seminar AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Çingiz Aytmatovun əsərlərində sosial-siyasi prioritetlər” mövzusunda elmi seminar keçirilib.
Seminarda Şərqşünaslıq İnstitutunun icraçı direktoru dosent Ruhəngiz Cümşüdlü Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da genişləndiyini, bu əlaqələrin siyasi, ictimai, mədəni sahələrdə geniş vüsət aldığını söyləyib. R.Cümşüdlü Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun anadan olmasının 95 illiyinin Azərbaycanda da mədəni əlaqələr çərçivəsində geniş qeyd edildiyini deyib. O, Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya üzrə geniş tədqiqatların aparıldığını bildirərək, görkəmli yazıçının yubileyi ilə bağlı tədbirin təşkilinə və bu mövzuda elmi seminar keçirilməsinə qərar verildiyini vurğulayıb.
Seminarda Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri professor Lalə Əhmədova “Çingiz Aytmatovun əsərlərində sosial-siyasi prioritetlər” mövzusunda məruzə edib. O, eyni etnogenetik köklərə malik olan Azərbaycan və qırğız xalqları arasında ən qədim dövrlərdən bu günə kimi sıx tarixi-mədəni və sosial-siyasi əlaqələrin mövcud olduğunu deyib, müştərək ədəbi-fəlsəfi, etnoqrafik, bədii-estetik və digər humanist dəyərlərin bu iki xalqı birləşdirdiyini, türk dünyasında özlərinə məxsus mövqe qazandırdığını qeyd edib. Çağdaş dövrümüzdə Azərbaycan-qırğız ədəbi əlaqələrinin möhkəmlənməsində Çingiz Aytmatovun önəmli rol oynadığını bildirən məruzəçi ədibin əsərlərini təhlil edərək, onun yaradıcılığında sosial-siyasi prioritetlərə diqqət çəkib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər