ATMU Ümumdünya Turizm Təşkilatının keyfiyyət sertifikatına layiq görülüb

ATMU Ümumdünya Turizm Təşkilatının keyfiyyət sertifikatına layiq görülüb Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi turizm işinin təşkili və turizm və hotelçilik ixtisasları üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının (ÜTT) nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb.
ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətdir. 1998-ci ildə təsis olunmuş “UNWTO.TedQual” sertifikasiya sistemi turizm sahəsində təhsil, təlim və tədqiqatların ən qabaqcıl keyfiyyət standartı hesab olunur və ÜTT Akademiyası tərəfindən nizamlanır. Bu keyfiyyət sistemi ali təhsilin turizm ixtisası üzrə proqramlarının pedaqoji məzmununun və təşkilinin səmərəliliyini qiymətləndirir. Keyfiyyət sisteminin əsas tələblərindən biri də turizm sənayesinin, vətəndaş cəmiyyətinin və tələbələrin ehtiyaclarının proqramın təşkilində nəzərə alınmasıdır.
ATMU-nun həmin sertifikata yenidən layiq görülməsi ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun təhsil siyasətinin təşkilindən xəbər verir.
Qeyd edək ki, Cənubi Qafqaz regionunda ali təhsil müəssisələri arasında məhz ATMU (2020-ci il) “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçən ilk ali təhsil müəssisəsidir.

Tehsil-press.az



Oxşar xəbərlər