BDU-da “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” kitabının təqdimatı olub

BDU-da “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” kitabının təqdimatı olub Bakı Dövlət Universitetində (BDU) akademik Nizami Cəfərovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru, kitabın “Ön söz”ünün və ideyasının müəllifi Elçin Babayev 2023-cü ilin xalqımızın və dövlətimizin taleyinə ən əlamətdar illərdən biri kimi həkk olunduğunu bildirib: “Dünyaşöhrətli siyasətçi, bütün ömrünü və fəaliyyətini xalqının tərəqqisinə həsr etmiş, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyi bir zamanda ölkəmizin suverenliyinin təmin olunması xalq olaraq sevincimizi, gələcəyə inamımızı daha da artırır. Bu tarixi ildə 104 yaşlı BDU-nun professor-müəllim heyəti və tələbələri universitetimizi “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandıran, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edən Ulu Öndərimiz, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevin zəngin dövlətçilik irsinin, azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi və təbliği üçün səylə çalışırlar”.
Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bütün ömrünü Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatının inkişafına sərf edib. Xüsusilə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ana dilimizin həm ümumxalq dili kimi geniş istifadəsində, həm dövlət dili kimi inkişafında, həm də incəsənət nümunələrimizin beynəlxalq səviyyədə tanıdılmasında Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlər göstərib. Ümummilli Liderin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutub, dövlət quruculuğu siyasətinin tərkib hissəsi kimi daim xüsusi əhəmiyyət kəsb edib. Ümummilli Liderin Azərbaycan dilinə, ədəbiyyatına və incəsənətinə göstərdiyi tarixi xidmət və siyasi kurs bu gün daha böyük miqyasda davam etdirilir. Ulu Öndərin ideyaları, dil, ədəbiyyat, mədəniyyət və incəsənət siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən böyük müvəffəqiyyətlə həyata keçirilir. Ulu Öndərin Azərbaycanda əsasını qoyduğu mədəniyyət siyasəti bu gün həm də yeni imkanlarla, çalarlarla inkişaf etdirilir.
E.Babayev diqqətə çatdırıb ki, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərovun ciddi elmi araşdırmalarının məhsulu olan “Heydər Əliyev: dil, ədəbiyyat, incəsənət” kitabı Ulu Öndərin ana dilimizin saflığının qorunması, inkişafı, milli ədəbiyyatımızın və incəsənətimizin çiçəklənməsi istiqamətində müqayisəyəgəlməz xidmətlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. BDU-nun “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı əsasında hazırlanmış bu kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili, ədəbiyyatı və incəsənətinin inkişafındakı misilsiz və tarixi xidmətləri ilə daha ətraflı tanış olmaq, Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində gördüyü işlərin xalqımızın ideya-mənəvi tərəqqisinə təsiri haqqında daha dolğun məlumat almaq mümkündür.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” kitabının yüksək peşəkarlıq və məsuliyyətlə yazıldığını qeyd edib: “Ulu Öndərin xalqımızın qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanda mədəni elitanı formalaşdırması və xalqımızın milli ruhunu irəli aparmaq məsələsində yazıçı və şairlərimizin məsuliyyətini müəyyən etməsi olub. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin öyrənilməsinə xidmət edən belə kitabların nəşr olunması çox əhəmiyyətlidir”.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov diqqətə çatdırıb ki, Ümummilli Liderin bütün fəaliyyəti ərzində dilimizin, mədəniyyət və incəsənətimizin inkişafı ən prioritet sahələrdən olub. Təsadüfi deyil ki, Ulu Öndər 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkədə bu sahələr intibah dövrünü yaşayıb, alimlər, mədəniyyət və incəsənət adamları hərtərəfli qayğı ilə əhatə olunublar. Bu siyasət müstəqillik illərində də davam edib. Ulu Öndərin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Tofiq Hacıyev, Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxışlarında bildiriblər ki, Ulu Öndər Heydər Əliyev həmişə dilimizə, ədəbiyyat və incəsənətimizə xalqımızın milli-tarixi varlığının, mənəviyyatının tərkib hissəsi kimi baxıb. Ona görə də onun dövlət siyasətində bu sahələrə diqqət həmişə ən önəmli yerlərdən birini tutub.
Sonda kitabın müəllifi akademik Nizami Cəfərov bildirib ki, Ulu Öndərin zəngin irsi öyrənildikcə, yazıldıqca insanı bir daha heyrətləndirir: “Ulu Öndər Heydər Əliyev qədər dilə həssas münasibət göstərən ikinci bir dövlət başçısı olmayıb. Ö, təkcə dövlət qurucusu deyildi, eyni zamanda, millət qurucusu idi. Ona görə də millətin tarixi kodlarını, mənəviyyatını yüksəltməyin yollarını bilirdi”.

Tehsil-press.az



Oxşar xəbərlər