AMEA prezidenti Çinin Hebey Pedaqoji Universitetinin nümayəndə heyəti ilə görüşüb

AMEA prezidenti Çinin Hebey Pedaqoji Universitetinin nümayəndə heyəti ilə görüşüb AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çinin Hebey Pedaqoji Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə akademik İsa Həbibbəyli Azərbaycanla Çin arasında uzun illərə dayanan möhkəm diplomatik və mədəni əlaqələrin mövcud olduğunu, Çinin ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyib. AMEA rəhbəri bildirib ki, bu əlaqələr Ulu Öndər Heydər Əliyevin Çinə səfərləri zamanı daha da genişləndirilib, diplomatik münasibətlərlə yanaşı, elmi-texniki və mədəni sahədə də əməkdaşlığa başlanılıb.
Prezident İlham Əliyevin Çinlə münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşdığını deyən akademik İsa Həbibbəyli dövlət başçısının dəfələrlə Çinə səfər etdiyini, Azərbaycanın Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini vurğulayıb. Azərbaycan Prezidentinin Çinlə münasibətlərdə açdığı geniş meydanın elmi, ədəbi, mədəni əlaqələrdə də inkişafa təkan verdiyini söyləyən akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mərkəzinin fəaliyyət göstərdiyini, qarşılıqlı ədəbi əlaqələr istiqamətində tədqiqatların aparıldığını, konfransların keçirildiyini, Çin ədəbiyyatına həsr olunmuş fəlsəfə doktorluğu dissertasiyasının yazıldığını deyib. Həmçinin Azərbaycan-Çin ədəbi əlaqələrinə aid poeziya antalogiyasının hazırlandığını diqqətə çatdırıb. AMEA rəhbəri bu görüşün elmi-mədəni sahədə əlaqələrimizin inkişafına növbəti töhfə olacağını söyləyib.
Hebey Universiteti partiya komitəsinin katibi Dai Jianbing AMEA-da olmaqdan məmnunluğunu dilə gətirib, qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Akademiyada Çin ədəbiyyatı, mədəniyyəti ilə bağlı tədqiqatları yüksək qiymətləndirən Dai Jianbing rəhbərlik etdiyi qurumun marağında olan əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra çinli qonaqlar AMEA Rəyasət Heyətinin binası ilə tanış olub. Həmçinin qonaqlar Ədəbiyyat İnstitutunun nəzdindəki Çin Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti barədə məlumat alıblar.
Görüşdə Hebey Pedaqoji Universitetinin Biznes məktəbinin dekanı Zhang Hueven, Xarici Tədqiqatlar Məktəbi Rusiya Mərkəzinin direktoru Quo Xiaoli, Xarici Tədqiqatlar Məktəbinin müəllimi Cheng Hong, Beynəlxalq Mədəniyyət Mübadilələri Kollecinin dekanı Qi Xiaoyan və Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyev də iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər