“Azərbaycan-Çin: iqtisadiyyatın sosial məsələləri” mövzusunda müzakirələr aparılıb

“Azərbaycan-Çin: iqtisadiyyatın sosial məsələləri” mövzusunda müzakirələr aparılıb AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycan-Çin: iqtisadiyyatın sosial məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbiri açan elmi müəssisənin direktoru, professor Nazim Müzəffərli İqtisadiyyat İnstitutu ilə Çin Sosial Elmlər Akademiyasının (SEA) İqtisadiyyat İnstitutu arasında qurulmuş əməkdaşlıqdan, birgə keçirilən konfranslardan və reallaşdırılan layihələrdən danışıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iki ölkə arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişaf tarixindən danışıb.
Qeyd olunub ki, Çin Azərbaycana dost olan böyük dövlətdir. Son vaxtlar Çinin yüksək iqtisadi inkişafı onu Asiyada və dünyada qüdrətli ölkəyə çevirib. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri ilə iki ölkə arasında əlaqələrin əsası qoyulub. 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri ilə bu əlaqələr daha da inkişaf etdirilib.
Akademik vurğulayıb ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsini tam dəstəkləyir, ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri bu layihəni tamamlayır. Azərbaycan Çinlə Avropa arasında bir körpüdür. İki ölkə arasında artan əlaqələr böyük perspektivlərə malikdir. İqtisadi əlaqələrin inkişafı elmi əməkdaşlıq üçün də əlverişli zəmin yaradır. AMEA ilə Çin Elmlər Akademiyası, habelə institutlar arasında sıx əməkdaşlıq əlaqələri qurulub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində yaradılmış Çin Tədqiqatları Mərkəzi uğurla fəaliyyət göstərir. AMEA İqtisadiyyat İnstitutu da bu sahədə öndə gedir, Çin SEA-nın İqtisadiyyat İnstitutu ilə konfranslar keçirilir, birgə layihələr nəzərdə tutulur. AMEA ilə Çinin elmi mərkəzləri arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək.
Sonra alimlərin məruzələri dinlənilib. Çin SEA-nın üzvü, Sosial Siyasət və Hüquqi Araşdırmalar akademik bölməsinin direktoru Li Peilin “Çində istehlak, gəlir bölgüsü və inkişafın yeni mərhələsi”, Çin SEA Sosiologiya İnstitutunun direktoru, fəlsəfə doktoru Cen Guanqjin “Sosial tədqiqatlar üçün metodologiyaya sadə giriş: gəlirlərin bölgüsü nümunəsində”, institutun şöbə müdirinin müavini, fəlsəfə doktoru Tian Fenq “Virtual cəmiyyətdə davranışın sosioloji təhlili”, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva “Çində və Azərbaycanda şəbəkə hazırlığı indeksinin müqayisəli təhlili” mövzusunda təqdimatla çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər