Dörd il ərzində ADPU məzunlarının 51,6 faizi işlə təmin olunub

Dörd il ərzində ADPU məzunlarının 51,6 faizi işlə təmin olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının 2024-cü il üçün ilk iclası keçirilib.
Rektor Cəfər Cəfərov Elmi şuranın 2023-cü ildəki son iclasından sonra görülmüş işlərdən, qarşıda duran vəzifələr və perspektivlərdən söz açıb.
Daha sonra rektor elmi ad və dərəcələr almış əməkdaşlara müvafiq attestatları təqdim edib.
ADPU məzunlarının 2018-2021-ci illərdə işlə təmin olunması vəziyyəti və qarşıda duran vəzifələr barədə tədris işləri üzrə prorektor Eldar Aslanovun məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən ali təhsil müəssisələri ilə əməkdaşlıq əsasında hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının təqdim etdiyi məlumata əsasən, 2018-2021-ci illərdə ADPU məzunlarının 51,6 faizi işlə təmin olunub. Bu da analoji dövrdə ölkə üzrə məzunların ümumi məşğulluq səviyyəsinə yaxın göstəricidir (58,8 faiz) və Pedaqoji Universitet məzunların işlə təmin olunması üzrə ölkə universitetləri arasında 4-cü yerdədir. Dörd il ərzində məzunların işlə təmin olunması üzrə ən yüksək göstərici 2021-ci ildə (55,3 faiz) müşahidə olunub.
İxtisaslar üzrə isə ən çox işlə təmin olunan məzunlar say baxımından Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirənlər, faiz nisbəti baxımından isə riyaziyyat və informatika müəllimliyi ixtisasını bitirənlərdir (62,5 faiz).
Pedaqoji Universitetin qadın məzunları ali məktəbi bitirəndən 2-3 ay sonra işlə təmin olunduqları halda, kişi məzunlarda bu müddət 13-15 ay olaraq qeydə alınır (hərbi xidmət və digər obyektiv səbəblərdən). ADPU məzunlarının işlədikləri 10 əsas iş yerindən 9-u ixtisas, 1-i qeyri-ixtisas üzrədir.
Eldar Aslanov, həmçinin “ADPU-nun struktur bölmələrində peşəkar təcrübə proqramının təşkili Qaydası”nın və “ADPU-da ingilis dilinin tədrisinin təkmilləşdirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi, universitetdə Təhsil Tədqiqat və Kommunikasiyalar Mərkəzinin yaradılması barədə məruzə edib.
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov “Pedaqoji Universitetin təhsil liderləri” müsabiqəsinin elan olunması haqqında təqdimat edib. Qeyd olunub ki, müsabiqə Pedaqoji Universitetin istedadlı tələbələrini seçmək, onların peşəkar inkişafına dəstək olmaq və tələbələr arasından potensial kadr bankını formalaşdırmaq məqsədilə keçirilir.
Bu ilin fevral-may ayları keçirilməsi nəzərdə tutulan müsabiqədə yalnız Pedaqoji Universitetin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri iştirak edə bilərlər. Yekunda 10 nəfərin qalib olması gözlənilir. Ümumi mükafat fondu 10 min manat olan müsabiqənin hər bir qalibinə min manat məbləğində pul mükafatı və digər hədiyyələr, mentorlarla 1 illik peşəkar inkişaf proqramı, ödənişsiz kurslar, kadr bankına əlavə olunma və referans alma imkanları təqdim olunacaq. Müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla onlara müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.
Sonda elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov professor və dosent elmi adlarının verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə məruzə edib və digər cari məsələlər müzakirə olunub.
Yekunda təkliflər və qərar layihələri səsə qoyulub və yekdilliklə qəbul olunub.

Tehsil-press.az



Oxşar xəbərlər