Rektor: Yola saldığımız il ADPU-da inkişaf ili kimi səciyyələndirilə bilər

Rektor: Yola saldığımız il ADPU-da inkişaf ili kimi səciyyələndirilə bilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının iclası keçirilib.
Iclasda rektor Cəfər Cəfərov universitetdə il ərzində görülən işlər və qarşıdakı hədəflər haqqında danışıb. O qeyd edib ki, yola saldığımız il ADPU-da inkişaf ili kimi səciyyələndirilə bilər. İl ərzində ADPU və ABŞ-ın Corc Vaşinqton Universitetinin (CVU) ikili magistr diplom proqramının ilk buraxılışı keçirilib. Kitabxana-İnformasiya Mərkəzi yenidən qurulub. Yeni tədris laboratoriyaları yaradılıb, bir neçə əməkdaş elmlər doktorluğu dissertasiyasını müdafiə edib. Türkiyə ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq, mübadilə və ikili diplom proqramları imzalanıb. Bu il ADPU-nun publik hüquqi şəxsə çevrilməsi və qarşıdan gələn institusional akkreditasiyaya hazırlıq universitet kollektivinin önündə yeni hədəflər və vəzifələr qoyur.
Rektor Prezident İlham Əliyevin bu yaxınlarda Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə Pedaqoji Universitetin alimlərinin də iştirak etdiyini diqqətə çatdırıb. O, Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasında ADPU alimlərinin tədqiqatlarından danışıb, bu istiqamətdə fəaliyyətlərin bütün elmi-pedaqoji kollektiv qarşısında vacib vəzifə olduğunu bildirib.
C.Cəfərov vurğulayıb ki, bakalavriat və magistratura səviyyələrində yeni ixtisasların yaradılması, tədris proqramlarına yeni yanaşma, qəbul planlarına yenidən baxılması, məzunların məşğulluq məsələləri, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasında aktiv iştirak etmək kimi məsələlər universitetin gələcək fəaliyyətində önəmli yer tutur.
Sonra tədris işləri üzrə prorektor dosent Eldar Aslanov “ADPU-nun 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” məruzə ilə çıxış edib.
Daha sonra cari məsələlərin müzakirəsi keçirilib.

Tehsil-press.az




Oxşar xəbərlər