"Müasir təlim metodikaları” – akademik heyət üçün seminar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyət Təminatı və Monitorinq Mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-Tədris Mərkəzi ilə birgə “Müasir təlim metodikaları” mövzusunda seminar keçirib.
Professor-müəllim heyəti üçün nəzərdə tutulan seminarın əsas məqsədi interaktiv təlim metodlarının akademik heyət tərəfindən mənimlənilməsinə şərait yaratmaq, keyfiyyətli təlim-tədris prosesinin təşkili işinə dəstək göstərməkdir.
Seminarda AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov güclü rəqabət mühitində bazar iqtisadiyyatının tələblərinə uyğun savadlı, bacarıqlı kadrların yetişdirilməsində müəllimlərin məsuliyyətli və vacib rolundan danışıb. Prorektor qeyd edib ki, təhsil sahəsində mütərəqqi metodların tətbiq olunması bu sahədə keyfiyyətin yüksəldilməsi və səmərəliliyin artırılmasına güclü təsir edir. Təhsil sistemində aparılan islahatlar müasir dərsin məzmununun təkmilləşdirilməsi, yeni təlim texnologiyalarının tətbiqini tələb edir. İnteraktiv təlim metodlarından istifadə təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Müəllimlərin öz üzərində çalışmaq, bilik və təcrübələrini gənclərlə paylaşmaq kimi məsələləri ön plana çıxarır.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-Tədris Mərkəzinin direktoru Xalidə Həmidova və mərkəzin əməkdaşı Rumiyyə Camalova məruzə ilə çıxış ediblər. Yeni tədris metodikaları, onların müxtəlif ixtisasların mühazirə və məşğələ dərslərində tətbiq olunması istiqamətləri barədə geniş məlumat veriblər.
AzMİU-nun müəllimləri də seminarda müzakirə olunan mövzular ətrafında çıxış edərək bilik və bacarıqlarını bölüşüblər.

Tehsil-press.az



Oxşar xəbərlər