Universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq yallı rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxış ediblər. Tədbirdə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdirilib. Novruzun rəmzlərindən olan Kosa və Keçəlin məzəli çıxışı, yumurta döyüşdürməsi maraqla qarşılanıb.
Sonra çay süfrəsi ətrafında davam edən tədbirdə İncəsənət və Pedaqoji fakültələri müəllim və tələbələrinin hazırladıqları dekorativ-tətbiqi sənətkarlığın müxtəlif sahələrinə aid sənət nümunələri nümayiş etdirilib. Çay süfrəsində bayramın milli şirniyyatları paxlava, şəkərbura, qoğal, müxtəlif çörəklər, qəlyanaltılar, içkilər, şərbətlər və şirniyyatlar təqdim edilib. Konsert proqramında Xalq Çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının, Tələbə Teatr Studiyasının, “Naxçıvan qala” ritm qrupunun, Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin çıxışları maraqla qarşılanıb. Ali təhsil ocağında təhsil alan əcnəbi tələbələrin də milli bayramımızda azərbaycanlı tələbələrlə birgəlik nümayiş etdirməsi tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Tələbələr milli musiqilərimiz və rəqslərimizi ifa etməklə hər kəsə maraqlı anlar yaşadıblar.
Tədbirdə həmçinin idmanın güləş növündə təmsil olunan gənclərin nümunəvi çıxışları sərgilənib.
Sonda xatirə şəkli çəkdirilib.
Tehsil-press.az